13 yaşlı məktəblini döydülər - VİDEO

Ağcabədi rayonu, 2 saylı Xocavənd kənd tam orta məktəbinin 7-ci sinif şagirdi həmin təhsil müəssisəsinin digər şagirdləri tərəfindən döyülüb.

Olaylar.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bununla bağlı videokadrlar yayılıb.

Kadrlardan görünür ki, döyülən azyaşlı onu hədələyənləri görüb dala çəkilir. Aralarından bir nəfər isə bunu fürsət bilib onu yumruqlayır.

Döyülən uşaq bildirir ki, onu təkləmələrinin səbəbini bilmir.

Azyaşlının anası Naimə Əliyeva iddia edir ki, oğlu bu hadisədə fiziki xəsarət alıb. Həmin şagirdlər hadisəni telefonla videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar. Bununla isə övladına pisxoloji zərbə vurublar.

Hadisədən sonra ailə üzvləri hüquq- mühafizə orqanlarına müraciət ediblər.

Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılır.

Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon təhsil sektorundan isə "Xəzər Xəbər"ə bildirilib ki, hadisə dərs vaxtı olmayıb və məktəbin ərazisində baş verməyib. Şagirdlər kənd ərazisində dalaşıblar. Hazırda onlar dərslərini davam etdirir.

Hüquqşünaslar da məsələyə münasibət bildiriblər. Onların sözlərinə görə, daha da pisi odur ki, zorakılıq edənlər bunu videoya çəkərək sosial şəbəkələrdə yayırlar. Bu isə fiziki xəsarət alan uşağın həm də psixoloji zərbələr almasına səbəb olur. Belə vəziyyətlərdə hadisəni törədən uşaqlar hansısa məsuliyyətə cəlb edilməsə də, onların valideynləri üçün İnzibati Xətalar Məcəlləsində cəzalar nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31