Ağcabədidə narkotik alveri ilə məşğul olan 20 nəfər saxlanıb
7 Oktyabr 2022 12:20 KriminalAğcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində, oğurluq əməlləri törətməkdə və qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən 20 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən ardıcıl tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 17 nəfər tutulub. Onlardan ümumilikdə 1 kiloqrama yaxın müxtəlif adda narkotik tərkibli vasitələr aşkar edilərək götürülüb.
Həmçinin şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Onların rayon ərazisində fərdi yaşayış evlərindən oğurluq edərək zərərçəkmiş şəxslərə 5000 manat civarında ziyan vurduqları müəyyən edilib. Bundan başqa keçirilmiş tədbirlərlə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən 1 nəfər də müəyyən edilib və ondan "Makarov" markalı tapança aşkar olunaraq götürülüb. Qeyd edilən faktlarla bağlı Ağcabədi RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq zəruri istintaq hərəkətləri aparılır.