“Whatsapp”da minlərlə insanı aldadıb pullarını ələ keçirən şəxslər saxlanıldı - VİDEO + FOTO

Polis sosial şəbəkələrdə qruplar yaradaraq vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirib.

Son aylar votsapda onlayn lotoreyaların təşkil olunduğu, qoyulan pulun 5 qatının əldə ediləcəyi barədə şirnikləndirici vədlər verilərək orada iştirak edən şəxslərin aldadıldığı barədə Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlər daxil olub. Bu işlə bağlı zərərçəkən şəxslərin, eləcə də onlayn lotoreya keçirmək adı altında insanları aldadan şəxslərin əhatə dairəsi müəyyənləşdirilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində onlayn lotoreya təşkil etməkdə təqsirli bilinən Aida Əliyeva və tanışı  Pavlov Qennadiy saxlanıblar. Araşdırmalar zamanı müəyyən edilib ki, bu şəxslərin kişi və qadın istifadəçiləri üçün ayrı-ayrılıqda lotoreya təşkil etdikləri 2 votsap qrupu olub. Hər iki qrupun isə birlikdə 1000-dən artıq üzvü olub. Aida Əliyeva qrup üzvlərinə səsli mesajlar göndərərək bu işdə ona guya cəmiyyətdə xüsusi nüfuzu olan şəxslərin dəstək olduğunu və ödənilən pulların 5 qat qazanc formasında onlara geri qaytarılacağına vəd edib.

Faktlarla bağlı dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb. Aida Əliyeva və Pavlov Qennadiy təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

"Whatsapp"da minlərlə insanı aldadıb pullarını ələ keçirən şəxslər saxlanıldı - VİDEO

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31