Nəqliyyat vasitəsində psixotrop maddə aşkar edildi
25 Aprel 2022 14:44 KriminalQərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Gürcüstandan daxil olan "Volvo" markalı nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual edilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib. Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin salonunda, oturacağın üzərində və sürücüyə məxsus pul qabının içərisində olan 5 ədəd bükümdə psixotrop maddə - metamfetamin aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar olunan psixotrop maddə - metamfetaminin çəkisi 6,708 qram təşkil edir. Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.