Külli miqdarda vəsaitləri ələ keçirən şəxs həbs edilib - Daxili İşlər Nazirliyi
23 Aprel 2022 18:52 KriminalVətəndaşlar Ü.Əsədova, K.İsmayılova və E.Eynullayev Daxili İşlər Nazirliyinə müraciət edərək Bakı şəhər sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildirmişlər.
Olaylar.az bildirir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, vətəndaşların şikayətləri araşdırılmış və onların F.Abdinov barədə qeyd etdikləri qanunsuz əməllər təsdiqini tapmışdır.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, Fərid Abdinova ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İstintaqla müəyyən edilmişdir ki, F.Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirmişdir.
F.Abdinovun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.