Rafael Cəbrayılovun məhkəməsilə bağlı DİN-ə müraciət edildi
10 Mart 2022 13:13 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində həbsdə dünyasını dəyişən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib."Olaylar"ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Təranə Fətəliyeva və Vidadi Məmmədova dəfələrlə çağırış göndərilsə də məhkəməyə gəlmirlər.Prosesdə vəkil Kamandar Nəsibov zərərçəkmişlərin bu addımının məhkəmə tərkibinə hörmətsizlik olduğunu deyib. O bildirib ki, zərərçəkmişlər məhkəmə prosesini səbəbsiz uzadır.Məhkəmə barələrində məcburi gətirilmə qərarı olan hər iki şəxsin məhkəmə iclaslarında iştiraklarının təmin olunması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət göndərilməsi ilə bağlı qərar qəbul edib. Proses martın 31-də davam etdiriləcək.
Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirli bilinib.İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.R. Cəbrayılov məhkəmə istintaqı gedişində ötən il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu "Yeni Klinika"da vəfat edib.
Qeyd edək ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri sayılır. Qanunun tələbinə görə, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə məhkəmədə iştirak edir.