Cinsi azlıqlara qarşı ölüm çağırışları edənləri CƏZA GÖZLƏYİR - Açıqlama

Xəbər verdiyimiz kimi, ötən gün bloger Əvəz Hafizli öz qohumu tərəfindən öldürülüb. Buna səbəb isə öldürülən şəxsin cinsi azlıq nümayəndəsi olduğu bildirilir.

Dəhşətli cinayət hadisəsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, bəzi şəxslər sosial şəbəkədə cinayətkara haqq verərək, cinsi azlıq nümayəndələrinin öldürülməsinə dəstək olduqlarını ifadə ediblər.

Maraqlıdır, cinayətkara dəstək məqsədli, nifrət dolu çağırış edən şəxsləri hansısa cəza gözləyirmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan hüquqşünas Ələsgər Məmmədli nifrət dolu nitqlərin cinayət məsuliyyəti yaratdığını bildirib:

"Baş verən hadisə ölkədə nifrət cinayətinin artdığını göstərir. Təəssüf ki, ölkədə bu cinayətin yaranmasına rəvac verən ictimai-siyasi sektorlar var. Bu isə cəmiyyətdə fərqli insanların hüquq və azadlıqlarını yox etməyə istiqamətlənən çağırışlara və hərəkətlərə aparıb çıxarır. Bu, qanunla qadağandır və cinayət məsuliyyəti yaradır. Bu cür çağırışlara qarşı prokurorluq tədbirlər görə bilər. Həmin paylaşımlar müvafiq platformalardan çıxraılmalıdır. Bərabərlik hüququnun pozulmasına yönəlik davranışların olması azadlıqdan məhrumetmə ilə nəticələnir. Nifrət nitqi olan, ayrıseçkiliyə yol verilən çağırışlar qanunla qadağandır".

Qeyd edək ki, Cinayət Məcəlləsinin 283-cü maddəsi "Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına ... yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə" 1000 AZN-dən 2000 AZN-dək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31