4 yaşlı Məryəmin canlı yayımda saxlanılan atasına cinayət işi açılıb
5 Fevral 2022 13:05 KriminalYanvarın 31-də öldürülərək quyuya atılan dörd yaşlı Məryəmin atası Taleh Allahyarova cinayət məsuliyyətinə cəlb edilib.
Olaylar.az xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma) və 133.2.4-cü (Əzab vermə) maddələri ilə cinayət işi açılıb.
Bu gün Xəzər rayon Məhkəməsində prokurorluğun T. Allahyarov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatına baxılacaq.
Xatırladaq ki, ötən gün T. Allahyarov ATV-nin "Bizimləsən" proqramında iştirak edib.
Veriliş zamanı T. Allahyarovun həyat yoldaşına göndərdiyi video görüntülər yayımlanıb.
Görüntülərdə T. Allahyarovun 4 yaşlı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələr görüntülənib.
Bu görüntülərdən sonra Xəzər rayon Polis İdarəsinun əməkdaşları studiyaya gələrək T. Allahyarovu saxlayıblar.