4 yaşlı uşağı öldürməkdə şübhəli bilinən qonşu həbs olundu

Bakıda quyudan meyiti tapılmış 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən 1990-cı il təvəllüdlü Mehman Mansurovun barəsində qərar verilib. "Olaylar"ın məlumatına görə, Xəzər rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Məhkəmədə təqdimat təmin edilib və M. Mansoruv barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. 4 yaşlı M. Hüseynlinin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü və daha sonra quyuya atıldığı iddia edilir. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31