Ata Abdullayev dedi ki, 15 min manat ver videonu silim - Zərərçəkmiş

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib."Olaylar" xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Elçin Əliyev bildirib ki, A.Abdullayev sosial şəbəkələrdə onun haqqında yalan və əsassız rüsvayedici faktlar paylaşıb: "Yanvar ayının sonu idi, mənə dedilər ki, iki nəfər gəlib çəkiliş aparıb. Mən növbəti gün maşında oturub onları gözlədim. Onlar yenidən gələndə çəkilişi hansı səbəbdən aparmalarını soruşdum. Ata Abdullayev mənə dedi ki, əlimdə faktlar var, sən qanunsuz tikinti işləri aparırsan və buradan ağacları qanunsuz olaraq çıxarmısan. Mənə dedi ki, ya 15 min manat verəcəksən, ya da bu faktları sosial şəbəkələrdə paylaşıb səni biabır edəcəyəm, milləti üstünə qaldıracağam. Fevralın 3-də zəng edib mənə dedi ki, çəkiliş edib, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də 2 nəfər nümayəndə gətirib. Dedi ki, 15 min manat ver videonu silim".

Təqsirləndirilən şəxs A.Abdullayev isə zərərçəkmişi tanımadığını və ona qarşı səsləndirdiyi ittihamlarla razılaşmadığını deyib. Məhkəmədə ifadə verən digər zərərçəkmiş Cəmil Babayevin sözlərinə görə, Ata Abdullayev onu ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib: "Noyabrın ortaları idi, həmin ərəfədə ölkədə güclü küləklər müşahidə olunurdu. Güclü külək axşam saatlarında Yasamal rayonu Hakim Abbasovdakı obyektimin qarşısındakı ağacı maşının üstünə aşırmışdı. Aidiyyəti qurumlara zəng etdim, səhəri günü gəldilər ağacı kəsib götürdülər. Bu zaman Ata Abdullayev əlində telefon canlı yayım açaraq mənim haqqımda yersiz ittihamlar səsləndirirdi: guya ağacı mən kəsmişəm. Məndən 7 min manat pul istədi və dedi ki, yalnız belə olan halda videonu paylaşmayacaq. 2 dəfə çəkiliş edib. Mən A.Abdullayevi 1 dəfə görmüşəm". Təqsirləndirilən şəxs bu dəfə də ona qarşı səsləndirilən fikirlərlə razılaşmayıb. Məhkəmənin növbəti baxış iclası noyabrın 2-də davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31