Rusiyada qətl törədən şəxs Bakıda həbs edilib

Baş Prokurorluğun Mətbuat xidmətindən Olaylar.az-a verilən məlumata görə, 2016-cı il aprelin 3-də İsayev Rəşad Sərdar oğlunun Rusiya Federasiyası Lebedyan şəhərində Rusiya vətəndaşı Bessonov Aleksandr Vitaliyeviç ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməsi və sonuncunun aldığı xəsarətlərdən ölməsi faktına görə cinayət işi başlanmışdır.

2018-ci il avqustun 14-də Rəşad İsayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə qiyabi olaraq təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.

2019-cu il avqustun 21-də cinayət işi istintaqın davam etdirilməsindən ötrü Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməklə cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilmişdir.

2021-ci il avqustun 26-da Rəşad İsayev barəsində Nərimanov Rayon Prokurorluğu tərəfindən axtarış elan edilmişdir.

Sentyabrın 28-də Rəşad İsayev tutulmuş, ona yuxarıda qeyd edilən maddə ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31