Xaçmazda tanışını bıçaqlayan şəxsə cinayət işi açıldı
28 Sentyabr 2021 13:01 KriminalSentyabrın 25-də rayon sakini Teymur Mustafayevin bıçaq xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğunda məlumat daxil olub.
Xaçmaz Rayon Prokurorluğundan Olaylar.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, zərərşəkmişin tanışı Neman Rəhmətullayev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı tanışı Teymur Mustafayevə bıçaqla 5 zərbə vurub xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Sentyabrın 26-da Neman Rəhmətullayev könüllü olaraq təslim olduqdan sonra şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq davam edir.