Avtoqəzaların sayı 9 faiz azalıb
2016-ci ilin 11 ayı ərzində respublika ərazisində 1848 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 695 nəfər həlak olub, 1887 nəfər yaralanıb.
23 Dekabr 2016 17:34 Kriminal2016-ci ilin 11 ayı ərzində respublika ərazisində 1848 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 695 nəfər həlak olub, 1887 nəfər yaralanıb. "Olaylar" Baş Dövlət Yol Polis İdarəsinin saytına istinadən xəbər verir ki, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 185 fakt (9,1%), həlak olanların sayı 121 nəfər (14,8%), yaralananların sayı 182 nəfər (8,8%) azalıb. Belə ki, Bakı şəhəri ərazisində 621 yol-nəqliyyat hadisəsi qeydə alınmış, bunların nəticəsində 170 nəfər həlak olmuş, 640 nəfər yaralanmışdır. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 111 fakt (15,2%), 39 nəfər (18,7%), 138 nəfər (17,7 %) azalmışdır. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,5%-i (712 hadisə, 267 ölüm, 772 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,9%-i (425 hadisə, 192 ölüm, 369 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,8%-i (238 hadisə, 54 ölüm, 278 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,8%-i (34 hadisə, 15 ölüm, 32 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Yol-nəqliyyat hadisələrinin 43%-ni (795) piyadaların vurulması təşkil etmiş, nəticədə 283 piyada həlak olmuş, 591-i yaralanmışdır. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 49 nəfər uşaq və yeniyetmə həlak olmuş, 181 nəfər yaralanmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində həlak olanların sayı 15, yaralananların sayı isə 10 nəfər azalmışdır.