“Qızıl Məryəm”i öldürənlərin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bakı Apellyasiya Məhkəməsində anasının qətlində təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun apellyasiya şikayətləri üzrə məhkəmə başlayıb.
20 Dekabr 2016 11:49 KriminalBakı Apellyasiya Məhkəməsində anasının qətlində təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun apellyasiya şikayətləri üzrə məhkəmə başlayıb.
Məlumata görə, ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası dekabrın 26-na təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Günel Hüseynova 18 il, Ceyhun Əsgərov 19 il, Nicat Eyvazov 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verərək cəzalarının azaldılmasını istəyiblər.
Xatırladaq ki, bu ilin yanvarında 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Cinayəti mərhumun qızı 1988-ci il təvəllüdlü G. Hüseynova, qohumu (bacısı oğlu), 1998-ci il təvəllüdlü N. Eyvazov və 1997-ci il təvəllüdlü C. Əsgərovun törətdiyi müəyyənləşib.
Qətlə yetirilən M. Nametzadə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı "Jewellery" zinət əşyaları mağazasının sahibi olub, "Qızıl Məryəm" ləqəbi ilə tanınıb.