Ali məktəblərə tələbə qəbul etdirmək adı ilə dələduzluq edən şəxsin məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Müəllimlər İnstitutunun müəllimi Mətanət Şahalıyevanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
13 Dekabr 2016 17:09 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Müəllimlər İnstitutunun müəllimi Mətanət Şahalıyevanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
M. Şahalıyeva elan olunan ittiham üzrə özünü təqsirli bilməyib. O, pulları universitetə tələbə qəbulu məqsədilə yox, borc kimi alıb. Təqsirləndirilən şəxs aldığı pulları Bakı Dövlət Universitetinin Türk Xalqları Kafedrasının professoru İsmayıl Məmmədov adlı müəllimə verdiyini deyib: "Mən azadlığa çıxacağım halda dəymiş zərəri ödəməyə hazıram. Borc aldığım adamlar mənim yanıma hazırlığa gələn şagirdlərin valideynləri olub. Mən bu pulları İsmayıl müəllimə vermişəm. Ancaq o, bunu təkzib edir".
Prosesdə zərərçəkmiş Qəhrəman Əliyev ifadə verib. O bildirib ki, M. Şahəliyeva onun iki övladını Azərbaycan dili və Ədəbiyyat fənni üzrə universitetə hazırlaşdırıb: "Bir gün mənə dedi ki, test imtahanına düşəcək sualları əvvəlcədən bilir. Bunu əldə edib, pulla satır. Mən də buna inanıb, 20 min manat pul verdim".
Proses dekabrın 15-də davam etdiriləcək.
İttihama görə, təqsirləndirilən şəxs Qəhrəman Əliyevin övladını universitetə qəbul etdirəcəyini deyərək, ondan 20 min manat alıb. Eyni əməli Ceyran Bayramovaya qarşı da törədib. Eyni adla onun 12 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Apa.az