Nazirin sabiq müşavirinin 800 min manatını mənimsəyən şəxsin məhkəməsi qapalı olacaq
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
13 Dekabr 2016 16:15 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Çingiz Baxşıyevin vəkili Paşa Səfərov çıxış edərək iclasın qapalı keçirilməsi haqqında vəsatət verib. O bildirib ki, Ç. Baxşıyevlə bağlı kommersiya sirləri olduğu üçün iclasın açıq keçirilməsini istəmir.
R. Əhmədovun vəkili Adəm Məmmədov vəsatətin təmin edilməməsini xahiş edib. Bildirib ki, dövlət sirri olmadığı üçün iclas açıq keçirilməlidir.
Ç. Baxşıyev isə bildirib ki, məhkəmə başlayandan vəkil Adəm Məmmədov mətbuata yalan məlumatlar ötürür: "Mətbuat da məni ittiham edir. Mən bunu istəmirəm" .
Hakimlər müşavirədən sonra qərarı elan ediblər. Qərara əsasən, vəsatət təmin olunub. Bundan sonra mətbuat nümayəndələri zaldan çıxarılıb.
Qeyd edək ki, R. Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı dələduzluqda ittiham edilir. İttihama görə o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib. Apa.az