600 transmilli şirkətdə həmkarlar ittifaqı işçiləri hüquqlarını qoruyur
22 Oktyabr 2014 15:39 İqtisadiyyat"Azərbaycan Həmkarlar İttifaqları ölkənin əmək qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə real təsirə malikdir. Bizim təkliflərimizlə son 8 ildə AR Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Həmkarlar İttifaqı haqqında" Qanuna və digər hüquqi-normativ aktlara 100-ə yaxın əlavə və dəyişikliklər edilmişdir". Bunu deyən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin sözlərinə görə, Azərbaycan Həmkarlar İttifaqları transmilli şirkətlərin işçilərinin həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi sahəsində də müəyyən təcrübələr əldə etmişdir: "İşimizin nəticəsi olaraq göstərməliyəm ki, əgər 2005-ci ildə transmilli şirkətlərdə 68 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərirdisə, bu gün xarici kapitalın 600 müəssisəsində həmkarlar ittifaqı öz işçilərinin hüquqlarını qoruyur. Bunlar neft-qaz sektorunun, avtonəqliyyat, kənd təsərrüfatı və yeyinti sənayesi, səhiyyə, tikinti və s. sahələrə məxsus müəssisələrdir. Həmkarlar ittifaqının iş fəaliyyətinin bizdə və bütün dünyada olan bir sahəsi də qeyri-formal məşğulluqdur ki, bu məsələni də həll etməklə həmkarlar ittifaqları öz sıralarını əhəmiyyətli dərəcədə genişləndirə bilərdi. 2014-cü ildə muzdlu işçilərin qeydiyyata alınması qaydası haqqında AR Əmək Məcəlləsinə dəyişikliklər edilmişdir. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan müəssisələrdə həmkarlar ittifaqı təşkilatı yaratmaq bir çox çətinliklərlə bağlıdır. AHİK tərəfindən qeyri-formal sektorun işçilərinin iştirakı ilə bir sıra layihələr həyata keçirilmişdir, bununla belə həmin məsələ həmkarlar ittifaqı üçün perspektivdə aktual məsələ olaraq qalır".