İqtisadiyyat və Sənaye Nazirliyində görüş keçirilib

Oktyabrın 20-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, "İtochu Corporation" şirkətinin vitse-prezidenti Yoiçi Kobayaşinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini qeyd etmiş, əməkdaşlığın genişlənməsində dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin mühüm əhəmiyyətini vurğulamışdır. Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, "İtochu Corporation" şirkətinin vitse-prezidenti Yoiçi Kobayaşi Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu bildirmişdir. Yaponiya-Azərbaycan əlaqələrinin inkişafında bu il Yaponiyada 8-ci iclası keçirilmiş Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyətini diqqətə çatdıran Yoiçi Kobayaşi rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə də məlumat vermişdir. Şirkətin sənaye sahəsində ixtisaslaşdığını bildirən Yoiçi Kobayaşi bu sahədə əməkdaşlıq imkanları barədə fikirlərini bildirmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31