Kənd təsərrüfatı sahəsində operativ idarəetmə yaranacaq
20 Oktyabr 2014 17:56 İqtisadiyyat"Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Prezidentinin Sərəncamı böyük əhəmiyyət kəsb edir. Bu sərəncam ölkədə aqrar sahədə inkişafı daha da sürətləndirəcək". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. Bildirib ki, Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişiklikləri zərurətdən irəli gəlir: "Struktur dəyişikliyi ona gətirib çıxaracaq ki, kənd təsərrüfatı sahəsində operativ idarəetmə yaranacaq. Bunun nəticəsində də kənd təsərrüfatında məhsuldarlığın artımı təmin olunacaq. Struktur dəyişiklikləri nəticəsində rayonlarda Kənd Təsərrüfatı Nazirliyinin yerli şöbələri yaradılacaq ki, bu da çevik bir idarəetmənin təmin edilməsində vacib rol oynayacaq". Millət vəkili deyib ki, hazırda ərzaq təhlükəsizliyi dünyada qlobal problemə çevrilib.