Nazir müavini: Bu il Azərbaycan məhsullarının Rusiyaya ixracı 1 milyard dolları ötüb

Azərbaycan-Rusiya iqtisadi əlaqələri çox yüksək səviyyədədir və birgə forum, görüş və danışıqların keçirilməsi bu əməkdaşlığı möhkəmləndirir. Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda deyib. Onun sözlərinə görə, bu, 2014-cu ildə artıq onuncu belə tədbirdir: "Hazırda iki ölkə arasında 170-dən artıq ikitərəfli saziş imzalanıb, bunların 45-dən çoxu iqtisadi əməkdaşlığa aiddir, sentyabrda investisiyaların qarşılıqlı müdafiəsi və təşviqi haqqında imzalanmış saziş iqtisadi əlaqələrin nə qədər yüksək və möhkəm olduğunu göstərir". S.Babayev qeyd edib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu il Azərbaycan Rusiyaya 1 milyard dollardan artıq məbləğdə məhsul ixrac edib. Ölkədə Rusiya kapitalı ilə təqribən 570 şirkət fəaliyyət göstərir. Ümumilikdə Rusiya Azərbaycan iqtisadiyyatına təqribən 1,8 milyard dollar investisiya yatırıb. Nazir müavini əlavə edib ki, forumda təqribən 60 Azərbaycan və 15 Rusiya şirkəti təmsil olunub: "Biz əminik ki, bu biznes forum ölkələr arasında əlaqələrin gələcəkdə genişləndirilməsinə təkan verəcək". Rusiya nümayəndə heyətinə Sankt-Peterburqun vitse-qubernatoru Vladimir Lavlentsev rəhbərlik edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31