Neftin 1 barelinin 90 dollar götürülməsi
Azərbaycan iqtisadiyyatına mənfi təsir etməyəcək
15 Oktyabr 2014 15:48 İqtisadiyyatİqtisadçı ekspert Vüqar Bayramov dünya bazarında neftin qiymətinin düşməsinin bir sıra amillərlə bağlı olduğu qənaətindədir: "ABŞ-ın Yaxın Şərqdə əsas müttəfiqi olan Səudiyyə Ərəbistanı neft hasilatının azaltmayacağını bəyan edir. OPEK-in təzyiqlərinə baxmayaraq, Səudiyyə Ərəbistanı mövcud hasilatı davam etdirəcəyini deyib. Səudiyyə Ərəbistanı neftin dünya bazarında qiymətinin aşağı düşməsini təşviq etmək məqsədilə öz neft ixracatında güzəştlər tətbiq edib. Belə ki, Səudiyyə Ərəbistanının əsas neft şirkəti olan "Aramko" şirkəti neftin hər barelini 1 dollar aşağı salıb. Bu da birmənalı şəkildə neftin dünya bazarında qiymətinin aşağı düşməsini stimullaşdırır. Dünyada neft hasilatı artır. Son illər Liviyada gündəlik neft hasilatı 240 min bareldən 800 min barelə qaldırılıb. Dünya bazarında olan struktur göstərir ki, neftin qiymətinin aşağı düşməsi prosesi davam edəcək. Qiymətlərin azaldılmasının iqtisadi tərəfləri ilə yanaşı ABŞ-ın addımları Rusiya iqtisadiyyatının çökdürülməsinə hesablanıb. Bu səbəbdən Rusiya iqtisadiyyatı zəifləyir, durğunluq dövründən böhran dövrünə qədəm qoyur. Rusiyanın dövlət gəlirlərinin azalmasına gətirib çıxarır." İqtisadçı- ekspert dünya bazarındakı qiymət enməsindən Avropa ölkələrinin və Çinin qazanacağını ehtimal edir: "Bu digər ölkələrdə istehsal olunan məhsulların maya dəyərinin aşağı düşməsinə də səbəb olacaq. Çin neftin qiymətinin aşağı düşməsindən qazanan ölkələrdən biri ola bilər. Həmçinin tendensiya göstərir ki, neftin qiymətinin aşağı düşməsindən qazanan tərəf avrozona olacaq. Avrozonanın iqtisaiyyatında son zamanlar durğunluq müşahidə olunur. Bu baxımdan dünya iqtisadiyyatında daha çox güc balansının, yəni oyunçuların yerini dəyişməsi baş verəcək." V. Bayramlı neftin qiymətinin düşməsinin Azərbaycan iqtisadiyyatına təsir göstərəcəyini desə də, iqtisadi inkişaf templərinin azalmayacağını vurğulayır: "Azərbaycan iqtisadiyyatı üçün neftin dünya bazarında qiymətinin düşməsinin müəyyən təsiri olacaq. Nəzərə alsaq ki, ixracatın 95 faizini neft və neft məhsulları təşkil edir. 2013-cü ildə Azərbaycan dövlət büdcəsinin 75 faizi neftin payına düşüb. Ümumi daxili məhsulun isə 44 faizi neft istehsalından formalaşıb. Birmənalı şəkildə neftin qiymətinin ucuzlaşması şübhəsiz, Azərbaycan iqtisadiyyatının həcminə təsir göstərir." Ekspert dünya bazarında neftin qiymətinin düşməsinin Azərbaycan iqtisadiyyatında təsirinin 3 ssenari ilə müşahidə oluna biləcəyini deyir: "Birinci ssenari ondan ibarətdir ki, əgər dünya bazarında neftin qiymətinin bir bareli 80 dollar olarsa , bu Azərbaycan iqtisadiyyatında inkişaf templərinin artmasına imkan verir. Bu, nikbin ssenaridir. İkinci ssenari isə orta ssenaridir. Əgər dünya bazarında neftin qiyməti 60-80 dollar arasında dəyişərsə, Azərbaycan dövlət büdcəsinin gəlirlərinin formalaşmasında ciddi azalmalar olmasa belə, iqtisadi artım tempinin stabilləşməsi tətbiq olunur. Düşünürəm ki, sosial layihələrin, eləcə də insanların rifah halının yaxşılaşdırılması istiqamətində atılacaq addımlara təsiri olmayacaq. Sonuncu ssenari isə dünya bazarında neftin qiymətinin 60 dollar olmasıdır. Bu bədbin ssenaridir, Azərbaycan üçün arzu olunan deyil. Amma Azərbaycan iqtisadiyyatına elə də mənfi təsiri olmayacaq. Əgər ABŞ Yaxın Şərqdəki müttəfiqi ilə birgə neftin bir barelinin qiymətinin 60 dollardan da ucuzlaşmasına nail olarsa, bu, dövlət gəlirlərinin azalmasına gətirib çıxara bilər." İqtisadçı alim, neftin qiymətinin aşağı düşməsinin, iqtisadi diverfisikasiyanın sürətləndirilməsi ilə bağlı mesaj olduğunu da qeyd edib: "2014-cü ilin dövlət büdcəsi ilə bağlı proqnozlarda qeyri-neft sektorunun payı 25 faizdən 35 faizə yüksələcək. Ümumi daxili məhsulun payında isə 56 faizdən 62 faizə yüksələcək. 2010-cü ildən başlayaraq iqtisadiyyatın diverfisikasiyası ilə bağlı Azərbaycanda addımlar atılıb. Azərbaycan dövlət büdcəsində neft sektorunun payının azaldılması və qeyri-neft sektorun payının artıırılması ilə bağlı atılan addımları daha da sürətləndirməlidir. Qeyri-neft sektorunda ikirəqəmli 10 faiz artım qeydə alınıb. Bu, müsbətdir. Qeyri-neft sektorunun inkişafında özəl sektorun payının artırılması istiqamətində də müəyyən işlər görülməlidir." O, 2014-cü ilin dövlət büdcəsində dəyişikliklərin edilməsinə ehtiyac olmadığını da bildirib: "Dövlət büdcəsinə dəyişikliklərin edilməsinə ehtiyac yoxdur. 2014-cü ilin 8 ayında dünya bazarında neftin qiyməti Azərbaycan üçün 110 dollar olub. Büdcə proqnozlaşdırılandan 10 dollar artıq olub." Ekspert gələn il üçün dövlət büdcəsi layihəsində neftin qiymətinin endirilməsinin tərəfdarıdır:"2015-ci ilinin dövlət büdcəsi layihəsində bizdə olan məlumatlara görə neftin bir barelinin qiyməti 90 dollar proqnozlaşdırılır. Nikbin varianta uyğun olaraq hazırlanmış büdcə layihəsidir. Biz bunun azaldılmasının tərəfdarıyıq. Biz dövlət büdcəsi layihəsində neftin qiymətinin 1 barelinin 70 dollara kimi aşağı salınmasını təklif edirik. Dövlət büdcəsində neftin qiyməti 70 dollar göstərilərsə, bu, Azərbaycanı dünya iqtisadiyyatında olan risklərdən sığortalayacaq."
Alim