“Kənd təsərrüfatında geriləmələr var”
Vahid Məhərrəmov: “Olduqca ağır şərtlərə razılaşan fermerlərin, sahibkarların sonrakı aqibəti çox acınacaqlı olub”
13 Oktyabr 2014 15:13 İqtisadiyyatKənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyini tənqid edib. V.Məhərrəmov qeyd edib ki, qurumun əsas vəzifələri kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, meliorasiya, su təsərrüfatı, aqrar bölmənin digər sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün kreditlər cəlb etmək və beynəlxalq təşkilatlar, maliyyə qurumları ilə bağlanmış sazişlər çərçivəsində layihələrin həyata keçirilməsini təmin etməkdən ibarətdir: "Agentlik yarandığı vaxtdan bu günə qədər bir sıra beynəlxalq maliyyə qurumlarından, Dünya Bankından, İslam İnkişaf Bankından, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondundan (İFAD) və digər mənbələrdən külli miqdarda maliyyə vəsaitləri, kreditlər cəlb edərək həmin vəsaitləri kənd təsərrüfatı nazirinin birbaşa göstərişi ilə idarə edib. Agentlik həmin maliyyə vəsaitlərinin kredit kimi kənd təsərrüfatı məhsulu istehsalçılarına və digər müştərilərə verilməsində yalnız vasitəçi, zəmanətçi rolunu oynamaqla kifayətlənmirdi. Agentlik işçiləri öz merkantil maraqlarını üstün tutaraq kredit şərtlərini əvvəlcədən ağırlaşdırdılar. Bir çox hallarda fermerlərdən tələb olunan "şapka", təklif olunan kredit faizini 3-4 dəfə üstələyirdi. Olduqca ağır şərtlərə razılaşan fermerlərin, sahibkarların sonrakı aqibəti çox acınacaqlı olub". Vahid Məhərrəmovun sözlərinə görə, əksəriyyəti müflisləşdikdən sonra əmlaklarını sataraq canlarını qurtarmış, bəziləri isə hələ də bu problemi yaşayır. Ekspert qeyd edib ki, agentlik tərəfindən həyata keçirilən layihələr üçün külli miqdarda maliyyə vəsaiti ayrılsa da ortada kənd təsərrüfatının geriləməsi, deqradasiya uğraması faktını görürük. Vahid Məhərrəmov hesab edir ki, bu kimi təşkilatların aqrar sahəyə faydası olmadığı göz qabağında olduğu kimi zərəri də ortadadır. O, qurumun bağlanmasını da təklif edib.