“Gürcüstandan Azərbaycana iribuynuzlu heyvanların idxalı artıb”
Vahid Məhərrəmov: “İdxalın əsas hissəsi kəsim üçün nəzərdə tutulur”
17 Sentyabr 2014 13:24 İqtisadiyyatKənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov "Olaylar"-a açıqlamasında son zamanlarda Azərbaycana iribuynuzlu mal-qaranın idxalının artığını bildirib. V.Məhərrəmov qeyd edib ki, idxal olunan iribuynuzlu mal-qaranın əsas hissəsi kəsim üçün nəzərdə tutulur. Ekspert Gürcüstandan olan idxalın ciddi şəkildə artdığını da sözlərinə əlavə edib: "Əvvəllər idxal olunan heyvanların qiyməti reallığa yaxın idisə, son zamanlar qiymətlər süni şəkildə azaldılır. Vergi və gömrükdən yayınmaq üçün belə edilir". Vahid Məhərrəmov məsələ ilə əlaqədar hazırladığı statistikanı da təqdim edib. V.Məhərrəmov qeyd edib ki, Gürcüstandan idxal olunan bir baş diri iribuynuzlu heyvanın ortalama dəyəri 2011-ci ildə 308.89 dollar, 2012-ci ildə 49 dollar 58 sent, 2013-cü ildə isə 29 dollar 91 sent təşkil edib. Ekspertin sözlərinə görə, 2013-cü ildə Gürcüstandan 3 273.4-min ABŞ dolları məbləğində 109 435 baş heyvan idxal edilib: "2013-cü ildə Azərbaycana idxal olunan hər bir baş diri iribuynuzlu heyvanın orta dəyəri Gürcüstandan 29.91, Rusiyadan 633.79, Ukraynadan, 751.66, digər ölkələrdən isə 3173.44 dollar olub. 2012-ci ildə isə Azərbaycana idxal olunan hər bir baş diri iribuynuzlu heyvanın orta dəyəri Rusiyadan 725.20, Gürcüstandan, 49.58, Almaniyadan, 4394.71, digər ölkələrdən 2044.46 dollar olub. 2011-ci ildə Azərbaycana idxal olunan hər bir baş diri iribuynuzlu heyvanın orta dəyəri Rusiyadan 492.26, Gürcüstandan 308.89, Almaniyadan isə 4252.37 dollar olub". ("OLAYLAR" İA)