Seneqal Gömrük Xidməti Azərbaycan tərəfi ilə əməkdaşlıqda maraqlıdır

Sentyabrın 8-də Azərbaycanda səfərdə olan Seneqal Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyi Baş Gömrük İdarəsinin nümayəndə heyəti ilə Dövlət Gömrük Komitəsində görüş keçirilib. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev qeyd edib ki, Seneqal və Azərbaycan arasında diplomatik münasibətlər olsa da, lakin indiyədək iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələr formalaşmayıb. İqtisadiyyatın konkret sahəsi üzrə Seneqalın ilk rəsmi nümayəndə heyətinin Azərbaycana səfərindən məmnunluğunu bildirən Komitə sədri gömrük orqanları vasitəsilə yaradılan bu ilk əməkdaşlıq əlaqələrinin hər iki ölkənin digər sahələrdə də qarşılıqlı münasibətlərinin yaradılması işinə böyük töhfə verəcəyinə əmin olduğunu vurğulayıb. A.Əliyev xatırladıb ki, bu ilin iyununda Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 123/124-cü sessiyaları zamanı Azərbaycan nümayəndə heyəti bəzi Afrika dövlətlərinin gömrük xidməti rəhbərləri ilə görüş keçirmiş və qarşı tərəf gömrük sistemində informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən, "bir pəncərə" sisteminin tətbiqi, kadr potensialının gücləndirilməsi, kinoloji xidmət itlərinin təlimi və s. sahələrdə Azərbaycan Gömrük Xidmətinin təcrübəsindən yararlanmaq istədiklərini bildiriblər. Azərbaycanın bütün dünya dövlətləri, o cümlədən, Seneqal ilə bütün sahələrdə sıx əməkdaşlıq əlaqələri yaratmaqda maraqlı olduğunu qonaqların nəzərinə çatdıran DGK sədri A.Əliyev bunun üçün hər iki ölkənin böyük potensialı olduğunu və bu imkandan maksimum yararlanmağın vacibliyini diqqətə çatdırıb. Komitə sədri həmçinin yaxın perspektiv üçün Azərbaycan və Seneqal arasında gömrük sahəsində əməkdaşlıq proqramına dair razılıq əldə ediləcəyinə və bu proqramın tərəflərin inteqrasiyasını sürətləndirəcəyinə ümidvar olduğunu bildirib. Seneqal nümayəndə heyətinin Azərbaycana səfəri sentyabrın 13-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31