XİN rəhbəri: Moldova Azərbaycanı potensial səhmdar kimi görür

Moldova Azərbaycanı potensial səhmdar kimi görür. Trend-in məlumatına görə, bunu Moldova Baş nazirinin müavini və xarici işlər naziri Natalya German Bakıda brifinqdə deyib. Onun sözlərinə görə, Moldova xüsusilə Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır: "Azərbaycan biznesi artıq Moldovada təmsil olunub, lakin Kişinyov onun ölkədə iştirakının genişlənməsində maraqlıdır". N.German qeyd edib ki, Moldova isə öz növbəsində Azərbaycana kənd təsərrüfatı məhsullarının tədarük edilməsini təklif edir: "Kənd təsərrüfatı məhsullarımız çox yüksək keyfiyyətlidir və Azərbaycan istehlakçıları razı qalacaq". Onun sözlərinə görə, iki ölkənin siyasi sahədə ikitərəfli münasibətləri yüksək səviyyədədir və ölkələrin ticari-iqtisadi sahədə əlaqələrin inkişafı üçün böyük perspektivləri var: "Moldova Azərbaycanla əmtəə dövriyyəsinin artırılmasında maraqlıdır". N.German deyib ki, Moldova və Aİ-nin əməkdaşlığının yeni səviyyəyə çıxması ilə ölkə azərbaycanlı iş adamları üçün yeni bazar təqdim etməyə hazırdır: "İki ölkənin əməkdaşlığı üçün daha bir sahə təhsildir. Moldovanın ali məktəbləri azərbaycanlı tələbələri qəbul etməyə hazırdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31