Kənd təsərrüfatı məhsullarının qiymət artımı kimə və nəyə görədir?

Vüqar Bayramov: “Elə məhsullar var ki, onlar faktiki olaraq Rusiya bazarına çıxarılmır, lakin qiyməti artırılıb”

İqtisadçı-ekspert Vüqar Bayramov Azərbaycan bazarlarında kənd təsərrüfatı məhsullarında bahalaşmanın səbəbləri barədə "olaylar.az"-da danışıb. V.Bayramov bildirib ki, qiymət artımı daha çox tərəvəz məhsullarının satışında müşahidə edilir: "Son iki həftədə bu özünü ciddi şəkildə göstərir. İki həftə bundan əvvəl bazarda 3 kq pomidorun qiyməti 1 manat idisə, bu gün 1 kq pomidorun qiyməti 1 manatdır. Praktiki olaraq, tərəvəz məhsullarının qiyməti 3 dəfə artıb. Qiymətlərin qalxmasının səbəblərindən biri Avropa İttifaqının embarqosundan sonra Rusiya bazarının Azərbaycanın kənd təsərrüfatı məhsullarına olan tələbatının artması ilə bağlıdır". Vüqar Bayramov hesab edir ki, Azərbaycan üçün Rusiya bazarı da daha sərfəlidir. Ekspertin sözlərinə görə, Azərbaycan fermerləri istehsal etdikləri məhsulları Rusiya bazarına daha baha qiymətə çıxara bilirlər: "Embarqodan sonra fermerlərin Rusiya bazarlarına maraqları daha da artıb. Bu da ölkə daxilində qıtlığın yaranmasına səbəb olur, qiymət artımı ilə müşahidə edilir". Vüqar Bayramov qiymət artımını eyni zamanda mövsümi faktorlarla əlaqələndirir. O, qeyd edib ki, artıq bəzi kənd təsərrüfatı məhsulları üçün mövsüm başa çatıb: "Meyvələr üçün də bu tendensiya müşahidə edilir. Xüsusilə havaların isti keçməsi, quraqlıq meyvə və tərəvəz məhsullarının istehsalında müəyyən problemlər yaradıb". Vüqar Bayramov işadamlarının süni qiymət artımının da bahalaşmaya səbəb olduğu qənaətindədir: "Apardığımız monitorinqlər zamanı bununla bağlı kifayət qədər faktlara rast gəlmişik. Elə məhsullar var ki, onlar faktiki olaraq Rusiya bazarına çıxarılmır. Buna baxmayaraq həmin məhsulların qiymətlərində də artım var. İqtisadiyyat və Sənaye Nazirliyi məsələni diqqətdə saxlamalıdır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31