ARDNŞ-in yeni bir uğuru : əfsanə reallığa çevrildi

İlk dəfə 12500 tonluq nəhəng 7 saylı Dəniz Stasionar Platforması "Günəşli" yatağında 147 metr dərinlikdə təyinat nöqtəsinə quraşdırılıb

Bu həftə ARDNŞ-in "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında 12500 tonluq 7 sayli Dəniz Stasionar Platforması "Günəşli" yatağında 147 m dərinlikdə təyinat nöqtəsinə quraşdırılıb. Bu, ARDNŞ tarixində növbəti möhtəşəm uğurdur. Layihənin özəlliyi ondan ibarətdir ki, monoblok adlanan stasionar platformaların layihələndirilməsi, barjaya yüklənməsi, nəqli, suya salınması və təyinat yerinə quraşdırılması sonuncu dəfə 1980-ci illərin sonunda layihələndirilsə də quraşdırılması baş tutmamışdı. 
15 avqust 2014-cü tarixində 7 Saylı DSP yüklənmiş STB-1 barjası sahildən ayrılaraq 20 saat məsafə (70 mil) qət etdikdən sonra "Günəşli" yatağında 160 metr dərinlikdə blokun suya salınma əməliyyatlarına başlanılmış və azırda proseslər tamamilə layihə üzrə davam etdirilir. İndi dayaq blokunun qrunta bərkidilməsi üçün svayların vurulmasını həyata keçirirlər.
"Neftqazelmitədqiqatlayihə" İnstitutunun baş mühəndisi, institut direktorunun birinci müavini Fazil Həsənov "İki sahil" qəzetinə bildirib ki, nüfuzlu neft şirkətləri belə işləri yerinə yetirmək üçün ixtisaslaşmış bir neçə şirkətin köməyindən istifadə edirsə ARDNŞ bütün bu əməliyyatları kənar təşkilatları cəlb etmədən öz gücü ilə yerinə yetirib: "Hətta BP kimi nəhəng şirkət belə bir əməliyyatı həyata keçirmək üçün 6-7 bahalı şirkətlə işləyirsə və bu işlərə yüz milyonlarla xərc çəkirsə, ARDNŞ-in "Neftqazelmitədqiqatlayihə" İnstitutu bu nəhəng işi öz layihəsi və müəllif nəzarəti ilə təkbaşına və ucüz yerinə yetirdi. Dünyanın böyük neft şirkətləri bizim bu işimizin nəticəsini heyranlıqla izləyirdilər. Onlar belə bir nəhəng işin Azərbaycanda reallaşacağını güman etmirdilər. Özülün "Günəşli" yatağında 147 metr dərinlikdə təyinat nöqtəsinə quraşdırılması ilə neftçilərimiz dünyaya, xüsusən də nüfuzlu neft şirkətlərinə öz peşəkarlıqlarını və neft sənayemizdəki tərəqqini bir daha göstərmiş oldular."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31