“Taxıl istehsalında azalma olacaq”

Vahid Məhərrəmov: “İstehsal prosesini normal həyata keçirmək üçün aqrotexniki qaydalara tam əməl etməklə yanaşı ölkəyə müəyyən avadanlıqlar gətirilməlidir”

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ölkənin taxılçılıq sahəsindəki mövcud vəziyyəti dəyərləndirib. Taxılçılıqda bir sıra problemlərin olduğunu deyən V.Məhərrəmovun sözlərinə görə, ölkədə taxılın əkin sahəsi ilbəil artır. Ekspert qeyd edib ki, sovet dövründə Azərbaycanın təxminən 400-500 min hektar taxıl sahəsi vardı: "Sonradan isə bu sahələrin həcmi sürətlə artdı. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2013-cü ildə taxılın altında 1 milyon 74 min hektar əkin sahəsi olub. Bu ümumi əkin sahəsinin 70%-i qədərdir. Bu qədər torpaq sahəsini taxılın altına verdiyimiz halda ərzaq buğdasına və maldarlıqda qüvvəli yem kimi istifadə etmək üçün taxıl məhsullarına olan ehtiyacımızı kifayət qədər ödəyə bilmirik. Əsas problem bu sahəyə diqqətin yetirilməməsindədir. Taxılçılıqla bağlı qanun qəbul olunub. Çəltik, buğda əkini üçün hər hektar sahənin müqabilində 80 manat subsidiya verilməsi təmin olunduğu halda bu sahə inkişaf etmir".

"İdxal artır"

Vahid Məhərrəmov Azərbaycanda taxıl idxalının artdığını deyir. Onun sözlərinə görə, 1994-cü ildə 280 min, 1995-ci ildə 85 min ton buğda idxal olunub. Ekspert qeyd edib ki, 1994-cü ildə 246 min, 95-ci ildə isə 65 min ton buğda unu idxal edilib. V.Məhərrəmov 1994-cü ildə 10 min, 95-ci ildə 26 min ton düyü idxal olunduğunu bildirib: "Amma bu rəqəmlər getdikcə artır. 20 il bundan qabaq Azərbaycan qarğıdalı idxal etmirdi. 2013-cü ildə isə artıq 1 milyon 451 min ton buğda, 46 min ton buğda unu, 18 min ton düyü, 138 min ton isə qarğıdalı idxal olunub. Görünən mənzərə onu deməyə əsas verir ki, bu sahəyə külli miqdarda dövlət vəsaitinin ayrılmasına, bir sıra qanunların, qaydaların, proqramların qəbul olunmasına, yeni texnikaların alınaraq ölkəyə gətirilməsinə baxmayaraq görülən işlərin səmərəsi yoxdur. Əksinə idxal çox sürətlə artır. Azərbaycanın ərzaq buğdasına olan tələbatı 1 milyon 300 min ton olduğu halda, ehtiyacdan da artıq buğda, buğda unu idxal edilir. Azərbaycanın şoran torpaqlarında düyü istehsalını artırmaq üçün çox münbit şəraitlər var. Qarğıdalı istehsalı ilə məşğul olub heyvandarlıqda yem tələbatını daxili istehsal hesabına ödəyə bilərik. Düzdür, əvvəllər örüş sahəsi kimi istifadə olunan təxminən 5 min hektar torpaq ərazisində  buğda yetişdirilir və həmin sahədən 54 sentner məhsul götürüldüyü bildirilir. Lakin o torpaq sahəsi xam olduğu üçün indi məhsuldarlıq yüksəkdir, həmin sahələrdə də getdikcə bu göstərici aşağı düşəcək. Məhsuldarlığın artırılması üçün ciddi işlər görülməlidir". Vahid Məhərrəmov qeyd edib ki, 2014-cü ildə taxıl istehsalının keçən ilə nisbətən 400 min ton az olacağı bildirilib. "Amma bizim apardığımız monitorinqlərdən məlum oldu ki, keçən ilə nisbətən bu il 600 min tondan çox azalma olacaq" deyən V.Məhərrəmov vurğulayıb ki, bu eyni sahədə uzun müddət, davamlı şəkildə eyni məhsulun yetişdirilməsilə əlaqədardır. Ekspert hesab edir ki, növbəli əkin sistemi yaradılmır: "Belə olan halda həmin ərazilərdə yetişdirilən bitkilərin xəstəlikləri, zərərvericiləri, alaq otları geniş yayılır. Digər tərəfdən bitkilər torpaqdan eyni qida maddəsini daha çox mənimsəyirlər. Nəticədə isə sahələrdə həmin bitkilər üçün balanslı qida təşkil etmək çətinləşir və məhsuldarlıq aşağı düşür. Aidiyyatı qurumlar bu problemlərə diqqət yetirməli və alimləri, mütəxəssisləri bu işə cəlb etməklə məsələni müzakirə edib həll etməlidir".

"Toxumçuluğun maddi-texniki bazası yoxdur"

Vahid Məhərrəmov digər problemin toxumçuluqla bağlı olduğu qənaətindədir. V.Məhərrəmovun sözlərinə görə, ölkədə toxumçuluq demək olar ki, sıradan çıxıb: "Vaxtilə toxumçuluğun maddi-texniki bazası yaradılmadı. Bu yöndə hansısa iş görülmədi. Ona görə də fermerlər adi məhsullardan toxum materialı kimi istifadə edirlər. Belə olan halda həm məhsuldarlıq aşağı düşür, həm də bu sahələrdə yuxarıda sadalanan problemlər ortaya çıxır. Yəni bitkilərin xəstəlikləri, zərərvericiləri, alaq otları geniş yayılır".

"Torpaqlarda deqradasiya prosesi çox sürətlə gedir"

Vahid Məhərrəmov torpaqlarda deqradasiya prosesinin çox sürətlə getdiyinə də diqqət çəkir: "Xüsusilə taxıl altında olan torpaqlarda vəziyyət daha pisdir. Həmin torpaqlara nə kifayət qədər mineral gübrə verilir, nə də üzvi gübrədən istifadə olunur. Bundan əlavə bitki qalıqları da sahədən çıxarılır, yaxud yandırılır. Nəticədə isə torpaq münbitliyini itirir, bitkinin qidaya olan tələbatı ödənilmir".

"Suvarma suyu idarə olunmur"

V.Məhərrəmov bu nəticəyə gəlib ki, suvarma sahəsində də problemlər var. O, bildirib ki, Azərbaycanın 32 milyard kub metr su potensialı var və bu qədər su ölkənin təlabatınından 7-8 dəfə çoxdur: "Mövcud potensial kənd təsərrüfatı sahəsinin suya olan tələbatını tamamilə ödəyə bilər. Təsərrüfatsızlıq nəticəsində su idarəetməsində ciddi problemlər var. Fermerlər həmişə su çatışmazlığından şikayət edirlər. Buna baxmayaraq, digər sahələrdə isə sudan zərər çəkənlərin çox olmasını görürük. Yaz-payız aylarında çaylarda su bolluğu yaranır. Bu suların anbarlarda, müxtəlif hövzələrdə toplanması həyata keçirilmədiyi üçün axan sular sel yaradaraq digər təsərrüfatlara ciddi zərər vurur. Son zamanlar mövcud olan sudan daha çox digər sahələrə, məsələn çaylarda qum istehsalı ilə məşğul olan şirkətlərə verilir. Nəticədə isə fermerlər su çatışmazlığından əziyyət çəkirlər, bu da onların təsərrüfatlarının məhv olmasına gətirib çıxarırır. Uzun müddətdir ki, bu sahə ilə bağlı olan problemlər öz həllini tapmır".

"Səpin aqreqatı köhnədir"

Son zamanlar Avropadan kombayn və digər texnikaların gətirildiyini deyən Vahid Məhərrəmov hesab edir ki, bu mövcud problemlərin həll edilməsində yetərli deyil. Ekspert qeyd edib ki, taxılın altında olan sahələr çox olduğu üçün bu qədər kombayn bəs etmir: "Əkin sahələri kiçik hissələrə bölündüyü üçün və bölünən hissələr biri-birindən aralı məsafədə yerləşdiyinə görə, kombaynların işini çətinləşdirir. Həmin sahələrin birləşdirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi lazımi işlər aparmır. Digər texnikalarla bağlı da problemlər var. Məsələn, səpin aqreqatı ölkədə kifayət qədər deyil. Səpin aqreqatının əksəriyyəti demək olar ki, Sovet dövründən qalıb. Normal iş vermir. Nəticədə isə primitiv səpin aparılır. Digər tərəfdən istehsal prosesini tam həyata keçirmək üçün ölkəyə lazımı avadanlıqlar gətirilib quraşdırılmalıdır. Həmin avadanlıqlar fermerlər üçün əlçatan deyil. İş elə qurulmalıdır ki, kombayndan çıxan məhsul birbaşa qurudulmağa, təmizlənməyə və çeşidlənməyə getsin. Bundan sonra məhsul siniflərə ayrılmalıdır ki, nə qədər keyfiyyətli məhsulun əldə edildiyini bilmək mümkün olsun. Əvvəlcədən bilmək lazımdır ki, əldə edilən buğdanın hansı hissəsi  unüyütmədə, çörəkbişirmədə, hansı hissəsindən isə mal-qara yemi kimi istifadə edib məhsuldarlığı artırmaq olar". Vahid Məhərrəmov vurğulayıb ki, taxılçılıq sahəsində geriləmələr var. O, aidiyyatı qurumları mövcud problemləri araşdırıb müəyyən etməyə çağırıb: "Həll istiqamətində proqramlar qəbul olunmalı, ciddi sənədlər hazırlanmalıdır. Ekspertlərin mövcud problemlərlə bağlı araşdırmaları və fikirləri də nəzərə alınamlıdır".

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31