“Kənd təsərrüfatı məhsullarının qiyməti qalxacaq”
Vahid Məhərrəmov: “Tədarükçülər yerli almanı ruslara satıb, daxili bazarda yaranacaq boşluqdan yararlanmaq üçün Polşadan alma idxal edəcəklər”
12 Avqust 2014 13:30 İqtisadiyyatKənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ölkənin kənd təsərrüfatı sahəsindəki mövcud vəziyyəti dəyərləndirib. Rusiyanın hər il təxminən 46 milyard dollarlıq ərzaq və kənd təsərrüfatı məhsulları idxal etdiyini deyən V.Məhərrəmovun sözlərinə görə, burada Azərbaycanın payı cüzidir. Ekspert qeyd edib ki, Azərbaycan il ərzində Rusiyaya 250-300 milyon dollar civarında kənd təsərrüfatı məhsulu ixrac edir: "Azərbaycanın bu gün elə potensialı yoxdur ki, Rusiyaya kənd təsərrüfatı məhsulu ixracını bir neçə dəfə artırıb həmin bazarda sanballı yer tuta bilsin. Biz hələ ki, yerli imkanlar hesabına ölkəmizin ərzaq təhlükəsizliyini təmin edə bilməmişik. Bu baxımdan daxili tələbatı ödəmək məqsədilə əksər kənd təsərrüfatı məhsullarını idxal edirik. Nəzərə almalıyıq ki, Rusiyada əhalinin alıcılıq qabiliyyəti bizimkindən xeyli yüksəkdi, ona görə də Azərbaycan məhsullarına daha çox dəyər verirlər. Elə bu səbəbdən də fürsətdən istifadə edərək bizim tədarükçülər ixracı artıracaqlar. Ancaq Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının artırılması yerli bazara öz təsirini göstərəcək, bazarlarda qiymət artımına yol açacaq. Çünki Azərbaycan məhsulları Rusiyaya ixrac olunduğu halda daxili tələbatı ödəmək məqsədilə başqa ölkələrdən analoji mal və məhsulların idxalına ehtiyac yaranacaq. Məsələn, bizim tədarükçülər yerli almanı ruslara satıb, daxili bazarda yaranacaq boşluqdan yararlanmaq üçün Polşadan alma idxal edəcəklər. Bu isə əlavə xərclər yaratdığından istər-istəməz qiymət artımına yol açacaq. Digər tərəfdən Rusiya Azərbaycandan aqrar məhsullar idxal edəcəyi təqdirdə, keyfiyyətli mal tələb edəcək. Təbii ki, məhsulun keyfiyyətlisi ixraca yönəldikdən sonra həmişə olduğu kimi ölkəyə keyfiyyətsiz mal, məhsul idxal olunacaq". ("OLAYLAR" İA)