Dövlət büdcəsinin yarım illik gəlir və xərcləri açıqlandı

2014-cü ilin altı ayında dövlət büdcəsinin mədaxili 9338,8 mln. manat, xərcləri 8723,8 mln. manat olub, 615,0 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Bu barədə Maliyyə Nazirliyindən verilən məlumata görə, 2014-cü ilin altı ayında dövlət büdcəsinin mədaxili 9192,6, mln. manat proqnoza qarşı 9338,8 mln. manat və ya 1,6 faiz çox olub. Vergilər Nazirliyinin mədaxil proqnozu 103,6 faiz icra edilməklə dövlət büdcəsinə 3578,6 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 123,7 mln. manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 262,1 mln. manat və ya 7,9 faiz çoxdur. 2014-cü ilin altı ayında Dövlət Gömrük Komitəsi proqnoza 100,2 faiz əməl edərək büdcəyə 732,8 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz və ya 92,9 mln. manat çoxdur. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 96,9 mln. manat təşkil edib. Sair daxilolmalardan nəzərdə tutulan 18,5 mln. manata qarşı büdcəyə 46,7 mln. manat və ya proqnoza nisbətən 2,5 dəfə çox vəsait daxil olub. Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə 4883,8 mln. manat vəsait transfert edilib. 2014-cü ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxili 4856,3 mln. manat icra olunub. 2014-cü ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 94,7 faiz və ya 8723,8 mln. manat icra olunub. Cari ilin altı ayında icmal büdcənin gəlirləri 11537,4 mln. manat icra edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 280,8 mln. manat və ya 2,5 faiz çoxdur . İcmal büdcənin xərcləri 9913,1 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 94,9 mln. manat və ya 1,0 faiz coxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31