“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC yeni müqavilə imzaladı
27 İyun 2014 15:43 İqtisadiyyatİyunun 27-də "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyətinin (ASPC) struktur vahidi olan "Daşkəsən Filizsaflaşdırma" ASC ilə Belarus Respublikasının "BelAZ" Açıq Səhmdar Cəmiyyətinin "İrridio Motors" lizinq şirkəti arasında lizinq və zəmanət müqavilələri imzalanmışdır. Müqavilələrin imzalanma mərasimində Belarus respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri cənab Nikolay Yermolayeviç Patskeviç, "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin sədri cənab Samir Cəfərov, "BelAZ" şirkətinin vitse-prezidenti cənab Dimitri Vasilyeviç Zablodskiy və "İrridio Motors" lizinq şirkətinin direktoru cənab Andrey Oleqoviç Şerbakov iştirak etmişdilər. Müqaviləyə əsasən "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC sözügedən şirkətdən 12 ədəd yeni "BelAZ" markalı karyer yük avtomaşını alacaqdır. Qeyd edək ki, beynəlxalq lizinq müqaviləsi sərfəli maliyyə şərtlərilə uzunmüddətli dövr üçün bağlanmışdır. Belə ki, şərtlərə əsasən müqavilənin müddəti 4 il, ödəniləcək faiz dərəcəsi isə 4 faiz həcmində müəyyənləşdirilmişdir. Alınacaq "Belaz-7547" markalı 10 ədəd avtomaşının yükqaldırma qabiliyyəti 45 ton, "Belaz-75131" markalı 2 ədəd avtomaşının yükqaldırma qabiliyyəti isə 140 tondur. Avtomaşınlar Daşkəsən rayonu ərazisindəki "Daşkəsən Filizsaflaşdırma" ASC tərəfindən dəmir filizi hasilatında istifadə ediləcəkdir ki, bununla da hasil olunan dəmir filizinin maya dəyərinin ən azı 20 faiz aşağı düşməsinə imkan yaranacaqdır. İmzalanmış müqavilə, post-sovet dövründə ilk dəfə olaraq "BelAZ" markalı yeni avtomaşınların ölkəyə gətirilməsinə imkan verir. Xatırladaq ki, "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə yaradılmış və 06 iyun 2014-cü il tarixində dövlət qeydiyyatdan keçmişdir. Səhmləri dövlətə məxsus olan "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC Azərbaycanda dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin layihələndirilməsini, tikintisini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.