Buxarestdə Foren-2014 “Sabahın Enerjisi: Arzudan Reallığa” mövzusunda forum keçirilir
24 İyun 2014 13:24 İqtisadiyyatRumıniyanın paytaxtı Buxarestdə 12-ci Dünya Enerji Şurası Mərkəzi və Şərqi Avropa Regional Enerji Forumu - "Sabahın Enerjisi: Arzudan Reallığa" mövzusunda forum işinə başlayıb. Socar.az xəbər verir ki, Foren-2014 Forumu Dünya Enerji Şurası Rumıniya Milli Komitəsinin təşkilatçılığı, Rumıniya hökümətinin himayəsi, Dünya Enerji Şurasının rəhbərliyi və Şuranın Mərkəzi və Şərqi Avropadakı üzv komitələrinin dəstəyi ilə keçirilir. SOCAR Rumıniya Nümayəndəliyinin də iştirakçısı olduğu enerji forumuna Rumıniyanın dövlət və hökümət nümayəndələri, Avropanın beynəlxalq enerji şirkətlərinin rəhbərləri, enerji və ətraf mühit sahəsində ekspertlər və KİV nümayəndələri qatılıb. Forum çərçivəsində keçirilmiş "2014-cü ildə enerji bazarları: Şəffaflıq və bütövlük əsasında Avropaya inteqrasiya istiqamətində inkişaf və irəliləyiş" mövzusunda iclasda SOCAR Rumıniya Nümayəndəliyinin rəhbəri Həmzə Kərimov çıxış edərək ARDNŞ-nın fəaliyyəti və beynəlxalq arenada qazandığı uğurlar barədə iştirakçılara məlumat verib. Regionun enerji xəritəsini dəyişəcək TAP və TANAP layihələrinə də toxunan Həmzə Kərimov bildirib ki, Azərbaycan qazının Avropa bazarlarına çatdırılması məqsədi daşıyan Transadriatik qaz kəmərinin (TAP) ötürücülük gücü 10 milyard kubmetr təşkil edəcək. Kəmərin tikintisinə 2015-ci ildə başlanılacaq. Bununla yanaşı yaxın gələcəkdə AGRİ layihəsi də diqqət mərkəzində olacaq. "Cənubi qaz dəhlizi"nin birləşdirici halqası kimi nəzərdə tutulan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi barədə də məlumat verən H.Kərimov bildirib ki, 2018-ci ildə istismara veriləcək boru kəməri ilkin mərhələdə ildə 16 milyard kubmetr qaz nəqli üçün nəzərdə tutulub.