Avtodayanacaqlarda qiymətlər “od tutub yanır” - AKTUAL
Dövlət büdcəsi hesabına tikilən avtoparklar kommersiya xarakteri daşıyır
4 İyun 2014 17:25 İqtisadiyyatSon zamanlar paytaxtda tikilən avtomobil parklarının sayının artması şəhərin mərkəzi küçələrində tıxac problemini müəyyən qədər aradan qaldıra bilib. Lakin yeni avtomobil parkları özləri ilə yeni problemlər gətirib. Belə ki, vətəndaşların məlumatına görə, avtomobil parklarındakı qiymətlər həddən artıq baha olduğundan sakinlərin cibinə uyğun deyil. Məlumat üçün qeyd edək ki, son zamanlar şəhərin mərkəzi küçələrindən olan Füzuli, Azadlıq Meydanı, Mərkəzi Univermaq və Fəvvarələr Meydanı yaxınlığında müasir tələblərə cavab verən avtomobil parkları tikilib. Onu da xatırladaq ki, paytaxtın ayrı-ayrı rayonlarında inşa edilən avtomobil parklarının sayı onlarladır. Məsələ orasındadır ki, həmin parklarda elə qiymətlər qoyulub ki, adi vətəndaşlar bu xidmətdən yararlanmaqda çətinlik çəkir. Nəticədə insanlar maşınlarını parklarda deyil, əvvəlki kimi piyadalar üçün nəzərdə tutulan səkilərdə saxlamağa üstünlük verirlər. Müəyyən olunan yüksək qiymətlərin nəyə əsaslandığı, necə hesablandığının isə iqtisadi izahı verilmir. Belə halda ortalığa bir sual çıxır: əgər avtoparklar yol kənarında maşınların saxlanılmasının qarşısını almağa xidmət edirsə niyə bu qədər baha qiymət müəyyən edilib, yox, əgər gəlir məqsədi daşıyırsa, niyə qiymətlər vətəndaşların cibinə uyğun hesablanmayıb? Məntiq onu deməyə əsas verir ki, hər iki halda əziyyət çəkən elə sadə vətəndaşlar olur. Ekspertlərin qənaətincə, avtomobil parklarının hansı məqsədlər üçün tikilməsindən asılı olmayaraq qiymətlər elə səviyyədə olmalıdır ki, insanlar da prosesin reallaşmasında maraqlı olsun. İndiki avtoparklarda diqqət çəkən məqam isə odur ki, kimlərsə ondan gəlir əldə etmək məqsədi güdür. Qətiyyətlə söyləmək olar ki, Bakıda yaranan tıxacların aradan qaldırılması məqsədilə tikilən avtodayanacaqlar sadə vətəndaşın cibinə uyğun deyil. Çünki dayanacaqların qiyməti 1-20 manat arasında dəyişir. Qiymətlər sürücülərin əksəriyyəti üçün baha olduğundan, onlar maşınlarını avtodayanacaqlarda deyil, yolların kənarında saxlamağa üstünlük verirlər. Müşahidələr deməyə əsas verir ki, Bakı kimi kifayət qədər çox maşın olan şəhərdəki pullu avtodayanacaqların heç biri tam dolmur. Məlumata görə, paytaxtda avtomobil dayanacaqları Nəqliyyat Nazirliyi və Bakı Şəhər Icra Hakimiyyəti tərəfindən tikilərək xüsusi podratçı şirkətlərə verilir. İndiyə qədər 10-dan artıq belə avtopark tikilib. Bu avtoparklar sırasında bahalı və qismən ucuz olanları var. Paytaxtda həm ən bahalı, həm də ən ucuz dayanacaq metronun "28 May" stansiyasının yaxınlığındadır. "28 Mall" Ticarət Mərkəzinin altında fəaliyyət göstərən dayanacaqda maşın saxlamağın saatı 1 manatdır. Ancaq sürücü maşını sözügedən avtoparkda çox saxlayarsa, güzəşt edilir. Məsələn, maşınını "28 Mall"da 3 saat saxlayandan 2 manat, 7 saat parkinq edəndən isə 5 manat alınır. Bir sutka üçün qiymət 20 manatdır. "28 Mall"da maşını parkinq edənə qəbz verilir. Əgər sürücü ona verilən qəbzi itirsə, bu, həmin məbləğin ödənilməməsi kimi qəbul olunur və pul yenidən alınır. Qiymət baha olduğundan "28 Mall"dan hər kəs istifadə etmir. Daha çox Ticarət Mərkəzinə alış-veriş üçün gələn paytaxt sakinləri maşınlarını təhlükəsiz yerdə saxlamaq məqsədilə burada park edirlər. Dənizkənarı Milli Parkda yerləşən "Park Bulvar"da 1 saat maşın saxlamağın qiyməti 1 manatdır. 3 saata qədər sürücüdən 2, 8 saata qədər 3, 12 saata qədər 6, 15 saata qədər 10 manat alınır. "Park Bulvar"da avtomobili 24 saat saxlamaq qadağandır. Fəvvarələr meydanının yanındakı "Garage"də sürücülərdən 1 saat üçün 1, 3 saata qədər 2, 6 saata qədər 3, 12 saata qədər 6, 24 saata qədər isə 10 manat alırlar. Bu dayanacaqdan uzunmüddətli istifadə etmək istəyən müştərilərə güzəşt edilir. Ən böyük yeraltı avtomobil dayanacağı olan və 2013-cü ildə fəaliyyətə başlayan Azadlıq meydanının altındakı dayanacaqda da qiymətlər 1 manatdan başlayır: 0-2 saat - 1 manat, 2-5 saat - 2 manat, 5-12 saat - 3 manat, 12-24 saat - 6 manat. Bu dayanacaq 24 saatlıq istifadə üçün ən ucuz qiymətə xidmət göstərən dayanacaqdır. Ekspert Azər Allahverənovin sözlərinə görə, avtoparklarda qiymətlərin müəyyənləşməsi vaxt amili ilə deyil, qurğunun neçəyə başa gəlməsilə ölçülməlidir: "Avtoparklardakı bu günki qiymətlər orta təbəqədən olan insanlar üçün hardasa məqbul görünə bilər. Lakin nəqliyyat vasitələrinin olduğu kifayət sayda aztəminatlı ailələr üçün isə bu qiymətlər əlçatan deyil". Onun sözlərinə görə, avtoparkların tikintisinə ödənilən məbləğ geri qayıtdıqdan sonra qiymətlər bir qədər aşağı salına bilər: "Dünya praktikasında özəl şirkətlər dövlətdən aldığı uzun müddətli subsidiyalar hesabına belə avtoparklar salırlar. Həmin avtoparklardan gələn faizlər hesabına da xərclər bağlanır və zaman-zaman götürülən subsidiyalar nəqliyyat istifadəçilərinin ödədiyi pullar hesabına geri qaytarılır. Azərbaycanda isə adətən bu tip qurğular istifadəyə verilərkən qoyulan vəsaitin tez bir zamanda geri qaytarılması məsələsi nəzərdə tutulur. Ona görə də tikilən hər bir obyektlərdəki qiymətlər yüksək olması ilə seçilir". İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, paytaxtda avtomobil park xərcləri olduqca yüksəkdir. Müəyyən edilmiş qiymətlər əhalinin ödəmə qabiliyyətinə uyğun deyil: "Problem ondadır ki, şəhərin mərkəzindəki yeraltı avtomobil park yerlərindəki qiymətlər heç əhalinin ödəmə qabiliyyətinə uyğun deyil. Əslində, avtomobil park yerlərinin inşasında məqsəd heç də gəlir əldə etmək deyil, Bakıdakı tixac problemini aradan qaldırmağa töhvə vermək idi. Məhz bu səbəbdən də bu yerlərin inşası əsasən dövlət büdcəsi hesabına maliyyələşdirildi. Deməli, sözügedən xidmət kommersiya xarakterli olmamalıdır. Amma yuksək qiymətlər başqa reallığı gündəmə gətirdi: məşğul əhali sözügedən park yerlərindən istifadə edə bilirmi? İş yeri şəhərin mərkəzində olan və avtomobildən istifadə edənlər üçün artıq bu park yerləri avtomobillərini saxlamaq üçün, demək olar, yeganə seçimdir. İdeal halda əgər şəhərin mərkəzində işləyən şəxs ayda 20 gün işləyirsə və gündəlik iş vaxtı 8 saatdırsa o avtomobili park etmək üçün hər gün 6 manat ödəməklə ayda 120 manat xərcləyəcək. Həmin şəxs şənbə günləri də işləyirsə onun avtomobil park xərci 144 manatadək yüksələcək. Ölkəmizdə orta aylıq əmək haqqının 430 manat olduğunu nəzərə alsaq o zaman avtomobil park xərci maaşının 1/3-ni təşkil edir. Yəni, mərkəzdə işləyən şəxs qazandığı hər 3 manatın 1 manatını avtomobilini park etmək üçün verməlidir. Bu isə kifayət qədər yüksək xərcdir". Bütün hallarda bu tipli obyektlərin tikintisi zamanı elə qiymətlər müəyyən edilməlidir ki, insanlar sərbəst şəkildə verilən imkanlardan yararlana bilsinlər. Əks halda maşınlar səkilər üstündə, avtoparklar isə boş qala bilər.