“50 milyard dollardan artıq valyuta ehtiyatımız olduğundan....”
Əli Məsimli: “Ərzaq sarıdan problemimiz ola bilməz”
3 İyun 2014 17:05 İqtisadiyyatBöyük Britaniyanın "The Economist İntelligence Unit" araşdırma mərkəzi ərzaq təhlükəsizliyi reytinqi tərtib edib. Cədvəldə Azərbaycan 109 ölkə arasında 62-ci yerdə qərarlaşıb. Reytinq ərzaq bolluğu, insanların yüksək gəlirləri, başqa mal və məhsullarla müqayisədə ərzağa daha az pul xərclənməsi, kənd təsərrüfatı sahəsində elmi-tədqiqat və inkişafa böyük sərmayə yatırılması meyarlarına əsaslanır. Hesabatda adambaşına düşən ümumi daxili məhsulun həcminin kiçikliyi, ərzaq təhlükəsizliyi ilə bağlı konkret proqramların məhdudluğu, ailələrin başqa mal və məhsullarla müqayisədə ərzağa çox pul xərcləməsi, kənd təsərrüfatı sahəsində elmi tədqiqatlara xərclərin azlığı və sair bu kimi məsələlər zəif cəhətlər kimi göstərilib. Qeyd olunan göstəricilərla bağlı İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli mnasibət bildirib. Millət vəkili qeyd edib ki, adambaşına 6207 manatlıq (7913 dollarlıq), alıcılıq qabiliyyəti paritetinə əsasən isə BVF-in hesablamalarına görə 11, Dünya Bankının hesablamalarına görə isə 16 min dollardan artıq ÜDM istehsal olunmaqla dünyanın 181 ölkəsi arasında 66-cı yeri tuturuq: "MDB-də isə Rusiya və Qazaxıstandan sonra üçüncüyük. Dögrudur, bizim 50 milyard dollardan artıq valyuta ehtiyatımız olduğundan, ərzaq sarıdan problemimiz ola bilməz. Amma bunun etibarlı yolu yerli istehsal əsasında məhsul bolluğuna nail olmaqdır. Əgər son 10 ildəki irəliləyişimizin sürətini bundan sonra da saxlaya bilsək, ildə orta hesabla 8-10 faiz artıma nail olmaqla orta perspektivdə Azərbaycan adambaşına düşən ümumi daxili məhsul göstəricisinə görə dünyanın öndə gedən 50 ölkəsi siyahısına düşə bilər. Bu isə ərzaq təhlükəsizliyimiz üçün hər bir ölkə vətəndaşının rifahı baxımından güclü maliyyə təminatı yaradar. Həmin hesabatda deyildiyi kimi, Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı konkret proqramların məhdudluğu sahəsində problem yoxdur. Bizdə bu sahədə kifayət qədər əhatəli konsepsiya və proqram var. Həmin proqram üzrə xeyli iş görülüb, amma onun bəzi bəndlərinin gerçəkləşməsi sahəsində işlər, xüsusən də proqramda əsas hədəflər olaraq nəzərdə tutulan aqrar sektorda əmək məhsuldarlığının artırılması və idxalı əvəz edən yerli kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi hesabına idxalın azaldılması məsələləri bir sıra məhsullar üzrə reallaşsa da, taxıl və taxıl məhsulları üzrə proqnoz sürətləri ilə müqayisədə ləngiyir. Həmin sahələrdəki ləngimələrin aradan qaldırılması üçün əlavə tədbirlər görülməsinə ehtiyac var". Əli Məsimlinin sözlərinə görə, ailələrin başqa mal və məhsullarla müqayisədə ərzağa çox pul xərcləməsi məsələsinə gəldikdə isə qeyd etməliyik ki, Azərbaycanda ailələrin istehlak xərclərinin 42 faizə qədəri ərzağa sərf olunur: "Əvvəlki illərlə müqayisədə bu göstərici xeyli yaxşılaşsa da, Azərbaycan kimi yüksək potensiallı ölkə üçün 42 faiz məqbul hesab oluna biləcək göstərici deyil və aztəminatlı təbəqələrin istehlak xərclərində ərzağa xərcləmələrin payı bundan da çoxdur. Ona görə də ölkədə əmək məhsuldarlığının artım templərini yüksəltməklə qazanılmış əmək haqqının da artım templərini yüksəldib, ailələrin istehlak xərclərinin ərzağa sərf olunan hissəsini 25 faizə qədər aşağı salmaq olar". Millət vəkili deyir ki, kənd təsərrüfatı sahəsində elmi tədqiqatlara xərclərin azlığı isə reallıqdır: "Ölkədə aqrar sahə üzrə 26 elmi tədqiqat institutu, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin strukturuna daxil olan 14 elmi tədqiqat institutu, "Araz" Elm İstehsalat Birliyi, 8 regional aqrar elm mərkəzi və elmi tədqiqat institutlarının 40-a yaxın təcrübə-istehsalat bazası fəaliyyət göstərir. Bazar iqtisadiyyatının tələblərinə və beynəlxalq standartlara cavab verən elmi nəticələrə nail olmaq üçün həmin institutlar normal iş şəraiti, müasir laboratoriya, cihaz və avadanlıqlar, yüksək səmərəli kənd təsərrüfatı texnikası və digər maddi-texniki vasitələrilə təmin olunmalıdır. Bu sahə obyektiv tədqiqat və monitorinqlər vasitəsilə dərindən araşdırılmalı, aqrar sahənin daha prioritet hesab olunan sahələri üzrə elmi tədqiqat işlərinin genişləndirilməsinə və dərinləşdirilməsinə dövlət vəsaiti, həm özəl bölmənin vəsaiti, həm elmlə əlaqəli fondların, həm də xarici mənbələrin hesabına maliyyə təminatı gücləndirilməlidir. Bu işdə həm Elmlər Akademiyası, həm sahə institutları, həm də QHT-lər fəal iştirak etməlidir. Beynəlxalq səviyyədə işlədilən meyarlara görə, əgər istehlak olunan ərzağın 50 faizdən çoxu idxal hesabına həyata keçirilirsə, bu həmin ölkə üçün kritik həddi keçməklə iqtisadi təhlükəli hal hesab olunur. Azərbaycanda ərzaq idxalına dair bir-birinə zidd müxtəlif göstəricilər var. Aydın görünən odur ki, Azərbaycan bir çox ərzaq məhsulları üzrə tələbatını yerli istehsal hesabına ödəyir, hətta bəzi məhsulların xarici ölkələrə ixracını həyata keçirir. Azərbaycan bir sıra kənd təsərrüfatı və ərzaq məhsuları ilə özünü yetərincə təmin etsə də, ölkəmiz üçün strateji önəm daşıyan taxıl və taxıl məhsullarının, xüsusən də çörəkbişirməyə yararlı unun bir hissəsini hələ də xaricdən gətiririrk. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunması, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün, heyvandarlığın, o cümlədən ət və süd məhsulları istehsalının artırılması nəzərdə tutulmuşdur. Tədqiqatlar göstərir ki, aqrar sahədə islahatların ikinci mərhələsinin dərinləşdirməklə, hər il kənd təsərrüfatına 500 milyon manat,torpaqların şorlaşmadan, erroziyadan və digər mənfi meyllərdən təmizlənməsinə isə 200-250 milyon manat sərmayə qoymaqla, 5-6 il ərzində Azərbaycanda ildə indikindən 2 dəfə yüskək templə, yəni 8 faiz templə artan rəqabət qabiliyyətli kənd təsrrüfatı yaratmaq olar. Eyni zamanda səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və bütövlükdə aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi ilə ölkədə ərzaq məhsullarının istehsalında artıma və hər bir ölkə vətəndaşının keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının tam ödənilməsinə nail olmaq olar. Bununla paralel olaraq geni modifikasiya olunmuş kənd təsərrüfatı məhsullarının Azərbaycana gətirilməsinin qarşısını alan etibarlı mexanizm yaradılmalıdr".