Prezident İlham Əliyev: Azərbaycan yeni bazarlara çıxmalıdır, çünki ölkənin qaz potensialı regional bazarla məhdudlaşa bilməz

"Bu gün Azərbaycan dünyada daha çox qaz hasil edən ölkə kimi tanınır və bu gün təbii qaz ölkələrin enerji təhlükəsizliyini təmin edən əsas amildir. Hər bir ölkənin enerji təhlükəsizliyi bu gün bilavasitə ölkələrin mmilli təhlükəsizliyi ilə bağlıdır. Bu iki faktoru bir-birindən ayırmaq mümkün deyil". Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin açılışınbda çıxış edərkən bildirib.

Dövlət başçısı deyib ki, 1996-cı ildə "Əsrin müqaviləsi"nin imzalanmasından cəmi 2 il sonra "Şahdəniz" qaz yatağının işlənməsi ilə bağlı imzalanan kontrakt bu gün xüsusi məna daşıyır: "O illərdə də biz bilirdik ki, Azərbaycanın zəngin qaz yataqları vardır və məhz "Şahdəniz" qaz yatağının işlənməsi bunu təsdiq etdi. "Şahdəniz" qaz yatağı dünyanın ən böyük qaz yataqlarından biridir və bizim qaz potensialımızın ən azı 50%-ni təşkil edir. O, özlüyündə böyük yataqdır, ancaq bizim digər böyük qaz yataqlarımız da var".

Azərbaycan Prezidenti xatırladıb ki, son illərdə uğurlu kəşfiyyat işləri nəticəsində "Ümid" və "Abşeron" qaz yataqları aşkarlanıb. "Şahdəniz", "Ümid", "Abşeron" və qaz yataqlarında olan ehtiyatlarımız ən azı 2,5 trilyon kubmetrə bərabərdir. Bu da həm Azərbaycanın, həm də Avropanın uzun müddət ərzində enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz rolunu oynayacaq: "Şadam ki, bu istiqamətdə də çox vacib addımlar atılmışdır. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir. Artıq 7 ildir ki, Azərbaycan öz qazını dünya bazarlarına, daha doğrusu regional bazarlara çıxarır. Bizim neft-qaz kəmərlərimizin çoxşaxəli vəziyyətdə fəaliyyət göstərməsi bu sahədə diversifikasiyanı tam təmin edir. Çünki bizim 7 neft-qaz kəmərlərimiz var ki, bu da bütün istiqamətlər üzrə bizim resurslarımızı nəql edir".

Dövlət başçısı vurğulayıb ki, əlbəttə, Azərbaycan yeni bazarlara çıxmalıdır, çünki ölkədə olan böyük qaz potensialı ancaq regional bazarla məhdudlaşa bilməz: "Bizim üçün böyük bazarlar lazımdır və o bazarlarda da Azərbaycan qazına tələbat var. Biz son illər ərzində bu məsələlər üzərində çox ciddi işləmişik. Cənub qaz dəhlizinin bu gün reallaşması böyük dərəcədə "Şahdəniz" yatağının işlənməsindən asılıdır".

İlham Əliyevin sözlərinə görə, sevindirici hal ondan ibarətdir ki, "Şahdəniz" qaz yatağının işlənməsi ilə bağlı bütün məsələlər öz həllini tapıb. "Şahdəniz 2" layihəsinə start verilib. O vaxta qədər TANAP layihəsi imzalanıb: "Beləliklə bizim qarşımızda heç bir maneə yoxdur. Ancaq biz yaxşı xatırlayırıq ki, uzun illər ərzində Azərbaycan qazını Avropaya nəql etmək üçün danışıqlar gedirdi, söhbətlər aparılırdı, müxtəlif konfranslar, simpoziumlar təşkil edilirdi. Ancaq əfsuslar olsun ki, onların real nəticələri olmamışdır və sadəcə ildən-ilə müşahidə olunan müzakirələr, bəyanatlar vardı, amma ortalıqda bir şey yox idi. Biz isə istəyirdik ki, bu layihə reallaşsın. Çünki bizim bütün həyata keçirdiyimiz layihələr vaxtlı-vaxtında və hətta vaxtından tez reallaşıb. Ona görə də biz heç vaxt imkan verə bilməzdik ki, Cənub Qaz layihəsi gözəl bir layihə kimi, ideya kimi qalsın. Ona görə də həlledici anlarda bütün məsuliyyəti ö züzərimizə götürmüşdük və yeni layihənın icrası ilə bağlı təkliflərimizi də vermişik. Bu layihəyə özümüz ad da vermişik: TANAP - Trans Anadolu Qaz kəməri və bu layihənin reallaşması üçün biz çox böyük səylər göstərmişik".

Azərbaycan Prezidenti qeyd edib ki, nəticə etibarilə 2012-ci ildə Azərbaycan və Türkiyə arasında müqavilə bağlandı və bu gün TANAP layihəsi artıq reallıqdır: "TANAP layihəsinin həyata keçirilməsi üçün artıq praktiki işlər başlanmışdır. Bu layihəyə diqqət artmaqdadır. Mən çox şadam ki, bizim tərəfdaşımız BP şirkəti də TANAP-ın səhmlərinə sahib olubdur. Beləliklə, bu böyük beynəlxalq layihə "Cənub Qaz Dəhlizi"nin reallaşmasına öz həlledici təsririni göstərəcəkdir. Əlbəttə ki, biz fikirləşə bilərdik ki, TANAP layihəsinin icrası ilə bağlı biz bütün məsələləri həll eləmişik, neft hasilatı sabitdir, ixrac imkanları genişdir, qaz bazarına da çıxmışıq. Ancaq biz çalışırıq ki, maksimum dərəcədə beynəlxalq əməkdaşlığı genişləndirək və Avropanın eneri təhlükəsizliyinin təmin edilməsi üçün öz dəstəyimizi verək. Bu məqsədlə keçən il Trans Adriatik qaz kəmərinin reallaşması üçün bütün məsələlər öz həllini tapdı. Beləliklə Bakıdan Avropaya, İtaliyaya qədər yeni böyük qaz kəməri tikiləcəkdir".

Dövlət başçısı bildirib ki, TAP layihəsi də əməkdaşlığın yeni formatına gətirib çıxarır: "Burada əlbəttə ki, bütün ölkələr arasında çox ciddi koordinasiya işləri aparılmalıdır. Çünki bu günə qədər biz bütün layihələri əsasən 3 ölkə arasında həll eləmişik: Azərbaycan, Gürcüstan, Türkiyə. Bu gün isə bir neçə Avropa ölkəsi bizim layihələrimizə qoşulub və əlbəttə ki, bu ölkələr arasındakı qarşılıqlı inam, koordinasiya və birgə fəaliyyət bu layihələrin uğurlu reallaşmasına gətirib çıxaracaqdır. Əminəm ki, belə də olacaq. Çünki bizim böyük təcrübəmiz var. Artıq bir neçə kəmər tikilibdir və ümid edirəm ki, beynəlxalq əməkdaşlıq nəticəsində vaxtlı-vaxtında bu layihə də öz həllini tapacaq və beləliklə, AVropa üçün yeni qaz mənbəyi təmin ediləcəkdir".

İlham Əliyev onu da qeyd edib ki, TANAP və TAP layihələri Avropaya yeni mənbədən qazı gətirəcək. Bu, sadəcə olaraq yeni marşrut deyil. Bu, həm yeni marşrutdur və yeni mənbədir: "Bu layihənin xüsusiyyəti məhz ondan ibarətdir. Əlbəttə ki, layihənin həcmi də çox böyükdür. İlkin hesablamalara görə, 45 milyard dollar vəsait nəzərdə tutulub. Azərbaycan da ö maliyyə imkanlarını ortaya qoyub. Hər halda TANAP layihəsində səhmlərin böyük hissəsi Azərbayana məxsusdur, yəni biz ən böyük investoruq. TAP layihəsində, "Şahdəniz"də biz iştirak edirik".

Dövlət başçısı deyib ki, bununla Azərbaycan həm siyasi iradəni ortaya qoyur, öz düşünülmüş neft strategiyasını həyata keçirir, eyni zamanda, öz maliyyə resurslarını da təmin edir: "Maliyyə resurslarının məbəyi də yenə də neft sənayesi olmuşdur. Burada cənab Rud qeyd etdiyi kimi, bizim ən böyük uğrularımızdan biri ondan ibarətdir ki, əldə edilmiş gəlirlər xalqın rifah halının yaxşılaşmasına, infrastrutur layihələrinin icrasına və ölkəmizin inkişafına yönəldilmişdir. Bizim vəsaitimiz ildən-ilə artır və şəffaflıq bizim üçün ən böyük prioritetdir. Əgər şəffaflıq təmin edilməsə idi, biz bu qədər vəsaiti yığa bilməzdik. Bu, neft-qaz sektorunda şəffaflıq və hasilat sənayesində şəffaflıq layihələrində Azərbaycanın iştirakı bizə imkan verir ki, biz böyük maliyyə resurslarına sahib olmuşuq və onlardan səmərəli şəkildə istifadə edirik. Həm ölkə daxilində həllini gözləyən layihələrə, insanların sosial rifahının yaxşılaşmasına və qlobal layihələrə, "Şahdəniz 2", TANAP, TAP kimi layihələrə öz vəsaitimizi təmin edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31