ARDNŞ-nin prezidenti “Azlab” Kəşfiyyat və Tədqiqat Mərkəzinin yeni inzibati binasının açılışında iştirak edib

 İyunun 2-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev başda olmaqla Şirkət rəhbərliyinin nümayəndələri, "BP-Azərbaycan" şirkətinin prezidenti Qordon Birrel və Azərbaycanda fəaliyyət göstərən digər neft-qaz şirkətlərinin təmsilçiləri "Azlab" Kəşfiyyat və Tədqiqat Mərkəzinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə keçirilmiş mərasimdə iştirak ediblər. Tədbirdə qeyd edilib ki, ən son texnologiyalara əsaslanan avadanlıqlarla təchiz olunmuş ikimərtəbəli binanın birinci mərtəbəsində geokimyəvi, analitik, PVT və kern analizi laboratoriyaları, ikinci mərtəbəsində isə iş otaqları, yeməkxana, akt zalı, server otağı mövcuddur. Binanın ətrafında abadlıq işləri aparılıb, həyətdə Kernsaxlama Kompleksi tikilib. Vurğulanıb ki, 1996-cı ildə xalqımızın ümummilli lideri Heydər Əliyev Norveçdə rəsmi səfərdə olan zaman Norveç höküməti tərəfindən Laboratoriya kompleks ona hədiyyə olunub, kompleksin Azərbaycana gətirilməsi və quraşdırılması "Statoil" şirkəti tərəfindən həyata keçirib. Müəsisənin fəaliyyət sahəsinə axtarış-kəşfiyyat və istismar quyularından götürülmüş nümunələr üzərində geniş tədqiqat işləri aparmaq, litostratiqrafik və biostratiqrafik kəsilişi tərtib etmək, geokimyəvi tədqiqatlar və PVT eksperimentlər aparmaq və s. daxildir. Quyulardan nümunələrin götürülməsi, stasionar avadanlıqlarla quyularda tədqiqat işlərinin və ekspres analizlərin aparılması yüksək ixtisaslı və peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir. Götürülmüş nümunələr bütün lazımi avadanlıqlarla təchiz olunmuş beynəlxalq standardlara uyğun Kern Saxlanma Kompleksində saxlanılır. "Azlab" ölkə ərazisində fəaliyyət göstərən digər xarici və yerli şirkətlərin axtarış-kəşfiyyat və istismar quyularından götürülən kern, neft, kondensat və qaz nümunələrinin geniş tədqiqatını həyata keçirməklə yanaşı, Gürcüstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan kimi region ölkələrinin bir çox şirkətləri ilə də sıx əməkdaşlıq edir. 2005-ci ildən bu müəssisə Dübəndi terminalında "Günəşli" və "Neft Daşları" yataqlarından hasil edilən neftin, 2013-cü ildən isə ARDNŞ-nin ölkə ərazisində mövcud olan bütün terminallarında benzinin və dizelin kəmiyyət və keyfiyyətinə beynəlxalq standartlar səviyyəsində nəzarəti həyata keçirir. "Azlab" Kəşfiyyat və Tədqiqat Mərkəzi işçilərin sağlamlığı, təhlükəsizliyi, işin keyfiyyətlə idarə olunması, ətraf mühitin mühafizəsi məsələlərinə böyük önəm verir və bu sahədə beynəlxalq sertifikatlara malikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31