Sahibkarlardan Cavid Qurbanovun adından "rüsum" tələb edənlər kimlərdir?

Bəzi xırda məmurlar dövlət başçısının tapşırıq və tövsiyyələrinə əməl etmirlər

Azərbaycanın sürətli inkişafı, iqtisadi sahədə əldə edilən nailiyyətlərdə özəl sektorun da xüsusi payı var desək yanılmarıq. Ölkədə daxili və xarici iş adamları üçün yaradılmış şərait, normal sərmayə mühiti sahibkarlıq subyektlərinin inkişaf etməsi ilə yanaşı iqtisadiyyatın da dinamik şəkildə inkişafına öz müsbət təsirini göstərir. İş adamlarının ölkədə normal fəaliyyəti üçün dövlət başçısı İlham Əliyevin bu sahədə atdığı addımlar sahibkarlar tərəfindən yüksək qiymətləndirilməkdədir.  Azərbaycan Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı və iş adamlarına ayrı-ayrı dövlət qurumları tərəfindən yaradılan "süni əngəllərin" aradan qaldırılması məqsədilə verdiyi tapşırıq və tövsiyyələr,  bu məqsədlə imzaladığı fərman və sərancamları bir tərəfdən sahibkarlarda müsbət stimul yaradırsa, digər tərəfdən ölkə iqtisadiyyatının inkişaf etdirilməsinə və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edir. Ölkədə biznes mühitinin yaxşılaşdırılması, sağlam rəqabətin yaradılması, iş adamlarına qarşı bəzi inzibati dövlət qurumlarında mövcud olan korrupsiya və rüşvətxorluq hallarının aradan qaldırılması həmçinin yeni iş yerlərinin açılması, əhalinin aztəminatlı hissəsinin sosial vəziyyətinin yaxşılaşdırılması və dövlət büdcəsinə vergi daxilolmalarının da artmasına təsir göstərən amillərdəndir. Lakin bir sıra sahələrdə olduğu kimi sahibkarlarla iş mexanizmində hələ də müəyyən problemlər qalmaqda davam edir. Cənab prezident İlham Əliyevin dəfələrlə iş adamlarına qarşı süni əngəllərin yaradılmasına son qoyulması ilə bağlı müvafiq strukturlara  tapşırıqlar verməsinə baxmayaraq hələ də, müəyyən dairələr dövlət başçısının iradəsinə qarşı çıxır, sahibkarlarla dövlət arasında narazılıq yaratmağa cəhd edirlər. Müntəzəm olaraq redakiyamıza üz tutan kiçik və orta sahibkarlar da bir çox hallarda bəzi dövlət qurumlarının Prezidentin tapşırıq, tövsiyyələri, fərman və sərəncamlarına əməl etmədiklərindən şikayətlənirlər. Bildirilir ki, aidiyyati qurumlar dövlət başçısının imzaladığı sərancamlara əməl etmək əvəzinə, sahibkarlardan əsassız "rüsumlar" tələb etməklərini hələ də davam etdirir və onların işlərinə  manemilik törədirlər. Xüsusilə, daha çox şikayətlər Abşeron rayonu ərazisində fəaliyyət göstərən sahibkarlardan gəlir. Belə ki, rayonun Sulutəpə-Hökməli-Müşviqabaq qəsəbəsi istiqamətindəki yol kənarında son vaxtlar bir çox ofislər və şirkətlər fəaliyyət göstərməkdədir. Həmin şirkət nümayəndələri bildirirlər ki, bu ofislərin tikintisi zamanı bütün texniki şərtlərin və sənədlərin qaydasında olmasına baxmayaraq, dəfələrlə yersiz müdaxilələrlə və məmur özbaşınalığı ilə üzləşiblər. Onlara ən çox problem yaradan qurumlar sırasında isə "Yolnəqliyyatservis MMC"nin Yolların mühafizə şöbəsinin Bakı şəhəri üzrə nümayəndəliyinin adı daha çox hallandırılır. Sahibkarların iddia etdiklərinə görə, həmin qurumun rəisi Səttar müəllim və qurumun Əziz adlı əməkdaşı bu ərazilərdə tikilən ofislərin və iş yerlərindən öz səlahiyyətlərinə daxil olmayan istiqamətlər üzrə də "rüsum" tələb edir. Belə ki, adıçəkilən şəxslər  hətta qaz, işıq və digər kommunal xətlərin çəkilməsi, ofislərə giriş qapılarının qoyulması və ofislərdən magistral yola birləşdirilən yolların çəkilişi zamanı sahibkarlara sözün əsl mənasında problemlər yaradır, əsassız "rusum" tələb etməklə onların işlərinə maneçilik törədirlər. Hətta onlar iş adamlarının yol kənarında çəkilmiş divarların gecə işıqlandırılmasına da müdaxilə edir, abadlıq-yaşıllaşdırma işlərinin aparılmasına  maneçilik törədirlər. Bütün bunlara yalnız o halda "icazə" verilir ki, sahibkarlardan tələb olunan külli miqdarda "rüsumlar" ödənilir. Maraqlıdır ki, onlar bu "rüsumları" tələb edərkən, "Azəravtoyolservis"in rəhbəri, millət vəkili Cavid Qurbanovun adından istifadə edirlər. Məsələ ilə bağlı millət vəkili Cavid Qurbanovla və "Yolnəqliyyatservis MMC"nin Yolların mühafizə şöbəsinin Bakı şəhəri üzrə nümayəndəliyilə əlaqə saxlamaq istəsək də telefonlarımıza cavab verən olmadı. Mövzu ilə bağlı qarşı tərəfin fikirlərini də öyrənməyə və dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.

Süleyman İsmayılbəyli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31