Rövnəq Abdullayev neftçilərə yeni mənzillərin orderlərini təqdim edib
13 May 2014 16:57 İqtisadiyyatMayın 13-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Bakının Xətai rayonu, A.İsmayılov küçəsindəki 1152-ci məhəllədə tikilmiş 8 bloklu 303 mənzilli yeni yaşayış binasında ev almış neftçilərə orderlərin təqdim olunma mərasimində iştirak ediblər. Tədbirdə bildirilib ki, ARDNŞ bu gün respublikamızda öz əməkdaşlarını növbəlilik əsasında mənzillərlə təmin edən yeganə şirkətdir və bu məqsədlə 2010-cu ildən "Neftçi" mənzil-tikinti kooperativi yaradılıb. 2007-2013-cü illər ərzində 1744 neftçi ailəsi ARDNŞ tərəfindən mənzillə təmin olunub. Bu gün ARDNŞ üzrə 4454 nəfər işçi mənzil uçotundadır ki, onların da 4006 nəfəri Bakıda, 448 nəfəri isə müxtəlif rayonlarda yaşayır. Hazırda Lökbatan və Sahil qəsəbələrində ümumilikdə 499 mənzilli 2 yeni yaşayış binasının tikintisi başa çatmaq üzrədir. Eyni zamanda Bibiheybət ərazisində 1000-dən artıq ailənin mənzillə təmin olunması üçün yeni yaşayış kompleksinin tikilməsi məqsədi ilə hazırlıq işləri aparılır. İstifadəyə verilən 8 bloklu yeni yaşayış binası 12 mərtəbədən, mansarddan və 303 mənzildən ibarətdir. Bina su, elektrik xətti və təbii qazla təchiz edilib. Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunub, binanın həyətində istirahət guşəsi yaradılıb, ətraf abadlaşdırılıb. Daha sonra Rövnəq Abdullayev yeni binanın rəmzi qırmızı lentini kəsərək, burada mənzil alan neftçilərə order və açarları təqdim etmiş, onlara yeni mənzillərində firavan həyat arzulayıb. Yeni binanın sakinləri adından çıxış edən neftçilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ARDNŞ rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.