Milli Məclis dövlət büdcəsini yenidən müzakirəyə çıxardı
12 May 2014 17:51 İqtisadiyyat"2013-cü il dövlət büdcəsinin mədaxili 101,8 faiz, xərcləri isə 96,4 faiz yerinə yetirilib. Ötən ildə dövlət büdcəsinin gəlirləri 19 159 mln. manat proqnoza qarşı 19 496,3 mln. manat və yaxud 101,8 faiz icra olunub. Bu da 2012-ci ilin icra göstəicisinə nisbətən 2214,8 mln. manat (12,8 faiz) çoxdur". Bu barədə maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi-siyasət komitəsinin iclasında "2013-cü il dövlət büdcəsinin icrası layihəsi"nin müzakirəsi zamanı deyib. Əlavə edib ki, dövlət büdəcəsi gəlirlərinin 58,2 faizi və yaxud 11350 mln. manatı Azərbaycan Dövlət Neft Fondundan transfert, 34,2 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmların, 7,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilomaların , 0,5 faizi isə digər daxilolmların payına düşüb. Dövlət büdcəsinin xərcləri isə 19 850 mln. manat proqnoza qarşı 19 143,5 mln. manat və yaxud 96,4 faiz icra edilib. Bu da 2012-ci illə müqayisədə 1727 mln. manat və yaxud 9,9 faiz çoxdur. A. Bayramovun sözlərinə görə, 2013-cü ildə orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manata, əhalinin gəlirləri 6,6 faiz artaraq 4 min manata çatıb. Ölkənin strateji valyuta ehtiyatlarının həcmi 4,1 mlrd. dollar artaraq 50 mlrd. dolları ötüb. İqtisadiyyat və sənaye nazirinin müavinin Sevinc Həsənova da çıxış edərək bildirib ki, valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfədən çox üstələyir. Nazir müavini çıxışında Azərbaycanın işsizlik səviyyəsinə görə dünyada 37-ci yeri tutduğunu xatırladıb. İqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə 2013-cü ildə bütün iqtisadi parametrlər müsbət dəyişdiyini qeyd edib. 2013-cü il dövlət büdcəsinin icrası son on il ərzində iqtisadiyyatda baş verən dəyişikliklərin xarakteristikasını, iqtisadiyyatda yeni mərhələnin başlanmasını göstərir.