250 kq ərzaq məhsulu məhv edildi
8 May 2014 20:13 İqtisadiyyatİqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.
Xidmətdən verilən məlumata görə, monitorinqlər zamanı Bakının Abşeron, Xətai, Nizami, Sabunçu rayonlarında, Naftalan, və Ağstafa şəhərlərində vətəndaşlara məxsus mağazalarda normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb. Həmçinin Bakının Xəzər, Xətai rayonlarında, eləcə də Bərdə rayonunda, Naftalan, Qusar, Şəki və Balakən şəhərlərində vətəndaşlara məxsus mağazalarda saxlama müddəti ötmüş malların satıldığı üzə çıxıb.
Ümumilikdə, monitorinqlər zamanı 250 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunaraq, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.