Komitədən bahalaşma AÇIQLAMASI

Apreldə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin 0,2%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,1% bahalaşması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,2% bahalaşmasına səbəb olub. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Ötən ay qarabaşaq yarması, toyuq əti, təzə balıq, pasterizə olunmamış üzlü süd, qatıq, yumurta, portağal, banan, qoz, fındıq, şabalıd, göyərti, xiyarın qiymətlərində ucuzlaşma, düyünün, makaron və vermişelin, qoyun ətinin, kərə yağının, bitki yağları, limon, alma, armud, çuğundur, kök, kartof, kələm, baş soğan, sarımsaq, şəkərin qiymətlərində isə bahalaşma müşahidə olunub.

Aprel ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, məişət cihazlarının, zərgərlik məmulatlarının qiymətlərində ucuzlaşma, inşaat materiallarının, iri alət və avadanlıqların, dərmanların, yanacaq və sürtgü materiallarının qiymətlərində isə bahalaşma müşahidə olunub.

Əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələri üzrə hava sərnişindaşıma nəqliyyatı tarifləri ucuzlaşıb, digər ölkələr üzrə hava sərnişindaşıma və ölkədən kənara dəmiryol sərnişindaşıma nəqliyyatı tarifləri isə bahalaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31