Bu fakültənin tələbələri dərsdən evə getmək istəmirlər - MÜSAHİBƏ
Çeşmi Hacıyeva: “Öndə gedən bankların, rabitə şirkətlərinin təsis etdiyi təqaüdlərin əksəriyyətini bizim tələbələr alırlar”
6 May 2014 15:22 İqtisadiyyatAzərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupu 2001-ci ildən fəaliyyət göstərir. XİF əvvəl Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin nəzdində qruplar şəklində fəaliyyətə başlayıb, 2006-cı ildə isə bunlara maliyyə ixtisası üzrə tələbə qəbulu təşkil olunub. 2013-cü ildən fakültə statusuna keçib. Hazırda TQDK-nın xəttilə dünya iqtisadiyyatı (ingilis dilli) ixtisası üzrə I kursa birbaşa qəbul həyata keçirilir. XİF-in təxminən 420-dən çox məzunu var. Fakültənin məzunları mötəbər dövlət və özəl strukturlarda yüksək vəzifələri tuturlar. XİF-in məqsədi Azərbaycanın yeni iqtisadi və biznes mühiti üçün yüksək ixtisaslı iqtisadçı mütəxəssislər yetişdirməkdir. ADİU-da I tədris ilini A və B qiymətləri ilə bitirdikdən sonra, fakültəsindən asılı olmayaraq bütün bacarıqlı tələbələr XİF-ə daxil olmaq və dünya səviyyəli Harvard, Oksford, Kembric, Stenford kimi aparıcı ali məktəblərin proqramları üzrə təhsillərini davam etmək imkanı qazanırlar. Fakültədə tədris ingilis dilində aparılır. Professor-müəllim heyətini akademik, doktor, Azərbaycan və xarici biznes mühitinin aparıcı mütəxəssisləri, xarici universitetlərdə doktorantura və magistr pillələrini müvəffəqiyyətlə başa vuran gənc Azərbaycan alimləri və eləcə də xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər təşkil edir. Hazırda XİF-də 210-dan çox tələbə təhsil alır. Tədris proqramları müasir olmaqla yanaşı potensial işəgötürənlərin tələblərinə də uyğundur. İmtahanlar kompüterlə test üsulu ilə keçirilir. Tələbələr geniş infrastruktur, internetlə təhciz olunmuş müasir auditoriyalar, interaktiv mühazirələr, dərs vəsaitləri təmin olunublar. Tədris prosesində videokonfranslar, canlı mühazirələr təşkil olunur. Tələbələr Azərbaycan, həm də xaricdə keçirilən müxtəlif ictimai, elmi və s. kimi tədbirlərdə çoxsaylı beynəlxalq konfrans və layihələrdə fəal iştirak edir, yüksək yerlər qazanırlar. Tələbələri müntəzəm olaraq ABŞ, Avropa, Avstraliyanın məhşur universitetlərində magistratura pilləsinə qəbul olurlar. Onlara 3 xarici dil və əlavə olaraq müxtəlif profilli xüsusi peşəkar proqramlar, master klasslar tədris olunur. Fakültəyə qəbul olunan tələbələr burada bakalavr pilləsində BİM, maliyyə və s. ixtisaslar üzrə təhsil ala bilərlər. Magistratura pilləsində də BİM və maliyyə ixtisasları ilə elmi dərəcəni artırmaq mümkündür. XİF pulsuz müxtəlif profilli proqram və master klasslar təklif edir. Mütəmadi pulsuz xarici dil (ingilis, fransız, alman), İELTS, TOEFL, GMAT, GRE, ACCA kursları keçirir. XİF-in nəzdində Məzunlar Assosiasiyası, Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Elmi Cəmiyyəti (TEC) və Tələbə Gənclər Təşkilatı (TGT) kimi birliklər fəaliyyət göstərir. XİF Məzunlar Assosiasiyasının məqsədi onun dəyərlərinə əməl edərək hər bir üzvün şəxsi inkişafı və çiçəklənməsi, qarşılıqlı surətdə faydalı əməkdaşlıq çərçivəsində assosiasiya üzvlərinin şəxsi maraqlarını realizasiya etməkdir. THİK fakültədə təhsil alan tələbələrin hüquqlarını qoruyur. Komitə sosial və iqtisadi müdafiə, tədris prosesi, həyat şəraiti, istirahət, idman və s. kimi məsələlərə müraciət edir. Tələbələrin özünüidarəetmə orqanı olan TGT tələbələrin hüquqlarını qorumaq, potensialını aşkarlamaq, tələbə şəbəkəsi ilə əhatəsini genişləndirmək, gələcəyinə fikirlərini yönəltmək və strategiyasını qurmağa dəstək olmaq, asudə vaxtını maraqlı təşkil etməkdir. TEC tələbələrin elmi-tədqiqat və elmi-praktiki işinin təşkili və koordinasiyası üçün yaradılmış və öz fəaliyyətini alim və müəllimlərin iştirakı ilə həyata keçirən tələbə birliyidir. Gerisini isə XİF-in dekanı Çeşmi Hacıyevadan soruşduq.
- Çeşmi xanım, fakültəyə qəbul necə aparılır?
-Universitetin I kursunu müvəfəqqiyyətlə bitirən tələbələr, qiymətlərinin əksəriyyəti A və B olmaq şərtilə riyaziyyat, ingilis dili, informatika, makro və mikro ixtisas fənlərindən kompüterlə test imtahanı verirlər. Xüsusilə qiyməti A olan tələbələrə daha çox üstünlük verilir. Testlərdən müvəffəqiyyətlə keçən tələbələr XİF qruplarına qəbul olunurlar. Yerlər məhdud olduğu üçün hər iki ixtisasdan 15-15 tələbə qəbul edirik. Ancaq ADİU-nun tələbələri qəbul olunur. Dərs ili başlamamışdan 2 həftə əvvəl sənəd qəbulu və imtahan baş tutur.
-Uğurlarınız var?
-XİF-in bakalavr pilləsindən məzun olan tələbələrin 95%-i dövlət hesabına xarici ölkələrdə magistraturaya qəbul olunmaq şansı qazanır. Hər bir fakültə, yaxud universitetin uğurunun əsas indeksi tələbələrinin işlə təmin olunması və magistraturaya qəbul olunmasıdır. Bizdə həmin göstərici 100%-dir. XİF tələbələrindən yalnız hərbi xidmətdə olan tələbələr getmirlər. Tələbələrimizin böyük əksəriyyəti Kembric, Harvard və Qərbi Avropa ölkələrinin ən mütərəqqi universitetlərində təhsillərini davam etdirirlər. Tələbələr artıq III kursdan işləməyə başlayırlar. XİF-in həm dövlət, həm də biznes strukturları ilə ortaq layihə və əməkdaşlıqları var. Həmin qurumlar tələbələri II və III kurslardan totanajlığa götürürlər. Bu qurumlarda yüksək vəzifələri tutan şəxslər fakültədə həm tədrisi təşkil edirlər, həm də gələcək işçilərini görürürlər. II və III kurslarda tələbələr bu şirkətlərdə praktika keçirlər. Həmin proseslərdə işəgötürənlər tələbələrin üstün və mənfi cəhətlərini bizə çatdırırlar. IV kursda isə bizim tələbə artıq tam peşəkardır. XİF-in III kurs tələbələrinin hamısı demək olar ki işləyir.
-Təhsil ödənişlidir?
- Ödənişli və ödənişsiz əsaslarla təhsil var. Tələbələr üçün müxtəlif təqaüd və qrantlar təşkil edirik. İmkanı aşağı olan və təhsil haqqını ödəyə bilməyən tələbələr bundan yararlanırlar.
-Çeşmi xanım, sizi fərqləndirən nədir?
- Bizdə tədris tamamilə ingilis dilindədir. Dərs vəsaitləri Qərb standartlarına əsaslanır. Avropa və ABŞ universitetlərinin kitabxanalarına internetlə çıxışlarımız var. Fakültənin böyük kitabxanası fəaliyyət göstərir. Tələbələrimiz çox aktivdirlər. Dərs bitdikdən sonra "evə getmək" deyə bir şey yoxdur. Uşaqlar ya kitabxanada dərslərinə davam edirlər, ya da müxtəlif sosial və intellektual layihələrdə iştirak edirlər. Tamamilə pulsuz qəbul kursları təşkil etmişik. Bizim IV kurs tələbələri tamamilə pulsuz dərslər keçirlər. Bu həm də IV kurs tələbələrinin auditoriyada akademik fəaliyyətlərindəki inkişafını təmin edir.
-Tələbələrin ümumi dünyagörüşünün artırılması üçün turlar təşkil edilir?
- Mütəmadi şəkildə müxtəlif yerlərə gedirik. Dəfələrlə Ağdam və digər cəbhə bölgələrində olmuşuq. Uşaq və qocalar evlərində də bu tip tədbirlər təşkil olunur. Tələbələrin rayonlara praktikaya göndərilməsinə çalışırıq. Bu yaxınlarda Sumqayıt texno-parkına getmişdilər. Dərslərdə öyrəndiklərini praktikada tətbiq etməyə çalışırlar. IV kurs tələbələrini 2 həftəlik Praqaya intensiv kurslara göndəririk. Həmin kurslar iqtisadi, maliyyə, menecment, marketinq və s. bağlı ola bilər. IV kurs tələbələri mütləq Avropaya gedirlər. Oradan kredit alıb qayıdırlar, həmin kreditlər onların diplomlarına əlavə olunur.
-Hansı tələbələr göndərilir?
- Hamısı, istisnasız. Tələbələrin Avropaya göndərilməsi universitet tərəfindən maliyyələşdirilir.
-Rəqabət var?
- B qiyməti almaq XİF-də böyük problemdir. Əgər tələbə B qiyməti alırsa, o ictimai qınaq mənbəyinə çevrilir. XİF-in tələbəsi ancaq A almalıdır. Rəqabət yüksəkdir. Aşağı rəqabətdən söhbət gedə bilməz. Ən böyük uğur göstəricisi bilik səviyyəsi və əldə etdiyin yüksək nəticədir. Artıq II və III kurs tələbələrinin iki səhifəlik, zəngin CV-ləri var. İctimai sferada da aktivdirlər. Öndə gedən bankların, rabitə şirkətlərinin və s. təsis etdiyi təqaüdlərin əksəriyyətini bizim tələbələr alırlar.
-Çeşmi xanım, ancaq yerli tədris proqramında ancaq yerli kadrlara üstünlük verirsiniz?
- Avropdan bizdə dərs deyən müəllimlərimiz var. Onlar ABŞ və İngiltərədəndirlər. Həmin müəllimlərin böyük təcrübələri və güclü elmi potensialları var.
-Yerli kadrlarla, qərblilər arasında hansı fərqlər hiss olunur?
- Xarici müəllimlər auditoriyada tələbələrə daha çox sərbəstlik verirlər. Lakin auditoriyada aşırı azadlığın tərəfdarı deyiləm. Müəllim qərbli olsa da tələbəsi Şərq nümayəndəsidir. Ümumilikdə isə mükəmməl təhsilin tərəfindəyik və onu ala bilirik. Tələbələrimiz mütəmadi şəkildə Avropa ilə əlaqə olduqları üçün Qərb standartlarını tamamilə mənimsəyiblər.
-Xarici tələbələrin qəbuluna hazırsınız?
- Xarici tələbələrə də təhsil almaq şansları yaradılıb. İki həftə əvvəl Almaniyanın məşhur Regin Universitetindən 5 tələbə və 1 professor bizim tələbələrlə 1 həftə ərzində intensiv şəkildə "eyçar" dərsləri keçdilər. Almanlar Azərbaycanla bağlı xoş təəssüratlar aldılar. Onlar görəndə ki, azərbaycanlı tələbələr nəinki ingiliscə, hətta alman dilində çox sərbəst danışırlar, başqa cür ola bilməzdi. Bütün qruplar üzrə fransız və alman dilləri mütləq şəkildə tədris olunur. Tələbələr bu dillərdə də çox sərbəst danışırlar. Danışa bilən və bilməyən söhbəti yoxdur, hamı bilməlidir. II kursda təkcə ingilis dilini yox, həm də bu dildə beynəlxalq konvensiyalar, yazmaq qabiliyyəti, nitq mədəniyyəti, diplomatik yazışmalar və s. öyrədirik.
-Çeşmi xanım, gələcək planlarınız barədə bilmək istərdik?
- Daha çox inkişaf etmək istəyirik. Tələbələrimizə daha çox uğurlar qazandırmaq, onları beynəlxalq arenaya çıxarmaq fikrindəyik. Məsələlərlə əlaqədar bəzi xarici universitetlərlə artıq danışıqlar gedir. Onların aralarında İspaniya və ABŞ-ın nüfuzlu universitetləri var. Qardaşlaşmış fakültə ənənəsindən yararlanmaq niyyətindəyik. İkili diplom məsələsini də tətbiq etmək istəyirik. Tələbələrin bir qismi bununla Azərbaycan, digər hissəsi isə xaricdə oxuyaraq, 2 diplom ala biləcəklər. Bu uzun bir prosesin məsələdir. İlk növbədə bunun baş tutması üçün hər iki ölkənin Təhsil nazirlikləri arasında müəyyən razılaşmalar olmalıdır.
XİF fərqlidir
Həqiqətən də XİF auditoriyalarında keçirilən dərslərdə canlanma vardı. Tələbələrin xarici dillərdə sərbəst ünsiyyəti burada təhsil səviyyəsinin ən elementar göstəricisidir. Ümumi dünyagörüş və bilik dərəcəsi də yerindədir. Yerli və əcnəbi pedaqoqların dərslərə açıq hiss olunan məsuliyyəti var. Davamiyyət qaydasındaydı. Çünki XİF tələbələri üçün oxumaq hər şeydən əvvəldir. Fakültənin kitabxanasında boş yer tapmaq çətin məsələdir. Milli dəyərlərlə Qərb standartlarının yüksək səviyyədə mənimsənilməsi tendensiyası hökm sürür. XİF-i fərqləndirən əsas tərəf tələbələrin gələcəyə yüksək psixoloji və elmi hazırlıqlı təqdim olunmalarıdır. Həm də ən elementar məsələsinin ciddi müzakirə olunması səciyyəvidir. Görünən odur ki, burada təhsil adına hər şey yaradılıb. Başqa sözlə, Azərbaycan təhsili üçün yeni olan praktika təqdir ediləndir.
Qeyd edək ki, Kembric Universitetinin Tələbə İttifaqı "Üstün olmağa aparan bələdçi" (The Guide to Excellence) adlı kitab nəşr edib. Bu il Kembric Universiteti məsləhət gördüyü təhsil ocaqlarının siyahısına ilk dəfə olaraq Azərbaycan təhsil müəssisəsinin də adını daxil edib. Kembric Qafqaz ölkələrinin universitetləri arasından Azərbaycan Dövlət İqtisad Universitetini (ADİU) seçib. ADİU-nun Xüsusi İstedadlar Qrupunda ingilis dilində tədrisin təşkili, bu qrupları bitirən məzunların Azərbaycan və xaricdə ən prestijli şirkətlərdə çalışması, eləcə də ADİU məzunlarının əksər dövlət qurumlarında asanlıqla iş tapması kimi məsələlər məqalədə xüsusi vurğulananıb.
Mənsur Rəğbətoğlu