“Gimnastika dünyasının diqqətini Bakıya yönələcək”

"AtaHolding" ASC cari il, iyun ayının 13-15-də Bakıda Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə 30-cu Avropa çempionatına baş sponsorluq edəcək. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə açıqlamanı "AtaHolding"  ASC İdarə Heyətinin sədr müavini Rəşad Rəsullu verib. Bildirib ki, təmsil etdiyi şirkət belə bir mötəbər yarışa baş sponsorluq etməkdən qürur duyur: "İlk növbədə bizi belə bir mötəbər tədbirdə özünə əsas tərəfdaşlardan biri kimi görən Azərbaycan Gimnastika Federasiyasına və şəxsən federasiya prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevaya təşəkkürümüzü bildiririk. Azərbaycanda hər sahədə olduğu kimi idman sahəsində də intibah dövrünü yaşayır. Dövlət səviyyəsində ölkə idmanına göstərilən diqqət və qayğı idmançılarımızın beynəlxalq arenalarda uğurlu çıxışına gözəl zəmin yaradıb". Onun sözlərinə görə,  beynəlxalq federasiyalar da Azərbaycana hər hansı yarışı həvalə edərkən gözəl sonluqla başa çatacağını əvvəlcədən çəkinmədən deyirlər: "İyunda ölkəmizdə baş tutacaq bədii gimnastika üzrə 30-cu Avropa çempionatı da buna əyani sübutdur. Çünki bundan öncə 2 dəfə analoji turnirə ev sahibliyi edən Azərbaycan bu inam sayəsində növbəti dəfə qitənin ən güclü gimnastlarını Bakıya toplayacaq. İnanırıq ki, Azərbaycan idmansevərləri çempionatda gərgin və maraqlı mübarizənin şahidi olacaqlar". Rəşad Rəsullunun sözlərinə görə, hər bir idman növündə olduğu kimi gimnastikada da Azərbaycan tək Avropanın deyil, bütün dünyanın favoritləri sırasındadır: "Təbii ki, bu da səbəbsiz deyil. 2002-ci ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasına rəhbər seçildikdən sonra bu idman növündə xüsusi canlanma yarandı. Ölkəmiz bədii gimnasitika üzrə dünya və Avropa çempionatlarını, Dünya Kubokunu qəbul etməyə başladı. "AtaHolding" ASC-nin baş sponsorluğu ilə keçiriləcək 30-cu  Avropa çempionatı da gimnastika dünyasının diqqətini Bakıya yönəldəcək. Özü də 33 ölkənin iştirakı ilə baş tutacaq yarış memarlığına görə təkrarsız olan yeni Milli Gimnastika Arenasında təşkil ediləcək". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31