Dövlət büdcəsində 108,4 mln. manat profisit yaranıb

2014-cü ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4225,8 mln. manat proqnoza qarşı 4482,7 mln. manat və yaxud 106,1 faiz (256,9 mln. manat çox) icra olunub. Maliyyə Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, Vergilər Nazirliyi mədaxil proqnozunu 107,1 faiz icra etməklə dövlət büdcəsinə 1762,8 mln. manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 117,3 mln. manat, 2013-cü ilin eyni dövrü ilə müqayisədə isə 239,5 mln. manat və yaxud 15,7 faiz çoxdur. Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,2 faiz əməl edərək büdcəyə 330,4 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz və yaxud 40,9 mln. manat çoxdur. Sair daxilolmalar üzrə büdcəyə 46,9 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 mln. manat və yaxud 2,9 dəfə çoxdur. Dövlət Neft Fondundan dövlət büdcəsinə 2342,6 mln. manat vəsait transfer edilib. 2014-cü ilin birinci rübündə dövlət büdcəsinin xərcləri 4233,3 mln. manat proqnoza qarşı 4374,3 mln. manat icra edilib. Dövlət büdcəsi xərclərinin 29,1 faizi və yaxud 1271,9 mln. manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 108,1 mln. manat və yaxud 9,3 faiz çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31