Əksər vergi bəyannamələri vaxtında təqdim edilib
16 Aprel 2014 17:11 İqtisadiyyatVergi Məcəlləsinin müddəalarına əsasən mart ayının 31-dək hüquqi şəxslər mənfəət, əmlak və yol vergisinin, fiziki şəxslər isə gəlir vergisinin bəyannamələrini vergi orqanlarına təqdim etməlidirlər. Vergilər Nazirliyinin məlumatına görə, illik vergi bəyannamələrinin vaxtında təqdim edilməsi və hesablanmış vergilərin ödənilməsi məqsədilə nazirlik tərəfindən xüsusi bildiriş və elan formaları hazırlanaraq yerli vergi orqanlarına göndərilib, kütləvi informasiya vasitələrində elanlar yayımlanıb. Vergilər Nazirliyinin rəsmi internet səhifəsi və 195 Çağrı Mərkəzi vasitəsilə vergi ödəyicilərinin məlumatlandırılması işləri həyata keçirilmiş, vergi bəyannamələrinin vaxtında təqdim edilməsi məqsədilə vergi ödəyicilərinin telefon nömrələrinə mesajlar göndərilib. Görülmüş məqsədyönlü işlər nəticəsində, 2013-cü ilin yekunlarına görə gəlir vergisi bəyannamələrinin 96,8%-i, mənfəət vergisi bəyannamələrinin 93,7%-i, əmlak vergisi bəyannamələrinin 91,2 %-i, yol vergisi bəyannamələrinin 96,6%-i vaxtında təqdim edilib. Ümumilikdə isə hesabat dövrünün yekunları üzrə təqdim edilməli olan bəyannamədən 93,9%-i vaxtında, habelə vaxtında təqdim edilmiş bəyannamələrdən 94,5%-i elektron qaydada təqdim edilib.