“Apple” “iPhone” smartfonları üçün radiomodulları özü buraxacaq
11 Aprel 2014 20:35 İqtisadiyyatSon ildə "Apple" şirkətinə əvvəllər "Broadcom" şirkətində işləmiş ən azı iki yüksəkvəzifəli əməkdaş qoşulub. Dünyanın ən böyük simsiz rabitə çip tədarükçülərindən biri olan "Broadcom" şirkətindən aparıcı mühəndislərin "Apple"a keçidi şirkətin "iPhone" üçün radiomodulu sərbəst hazırlamaq niyyətindən xəbər verir. "Apple Insider" bloqu yazır ki, baş mühəndis Pol Çanq "Broadcom" şirkətində 11 illik iş fəaliyyətindən sonra "Apple" şirkətinə keçərək layihənin baş meneceri vəzifəsində işləməyə başlayıb.
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, Çanq "Broadcom" şirkətində "Nokia" və "Samsung"un mobil qurğularında tətbiq edilən radioötürücülərin hazırlanması ilə məşğul olub.
"Broadcom"un digər əməkdaşı Sipin Vanq cari ilin yanvarında "Apple" şirkətinə keçib.
Adı çəkilən bloq hesablayıb ki, "Apple" son üç ildə "Broadcom" və "Qualcomm" şirkətlərindən ən azı 30 mühəndis "oğurlayıb". Bununla belə, "Apple" şirkətində radiomodul sahəsi ilə bağlı təxminən 50 vakansiya mövcuddur.