“Avropa Azərbaycan qazından faydalanmaq istəyirsə...” - FİKİR
Əli Məsimli: “Azərbaycanı Rusiyanın təzyiqi qarşısında tək qoymamalıdır”
8 Aprel 2014 16:14 İqtisadiyyatAvropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Bolqarıstanın keçmiş daxili işlər naziri Çvetan Çvetanovun Avropa Birliyinin "Cənub axını" layihəsinə münasibəti ilə bağlı sualına cavabında bildirib ki, əgər Azərbaycan Rusiyanın təzyiqi qarşısında dayana bilsə, "Cənub axını" kəmərinin əvəzinə Azərbaycan qazı Avropa üçün daha əhəmiyyətli ola bilər. "OLAYLAR"-ın xəbərinə görə, məsələyə münasibətini bildirən Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli bildirib ki, Avropa Rusiya qazından tədricən imtina edib, alternativ mənbələr hesabına özünün qaza olan tələbatını ödəmək istəyir: "Həmin alternativ variantlardan biri də Azərbaycan qazıdır. Alternativ qaz təchizatı Avropaya lazımdırsa, güclərin qeyri- bərabərliyi şəraitində Rusiyanın təzyiqi qarşısında təkbaşına duruş gətirməsini yalnız Azərbaycanın üzərinə atmaq çox qəribə məntiqdi. Fikrimizcə, bu məsələ real vəziyyəti və qüvvələr nisbətini nəzərə almaqla həll edilə bilər". Millət vəkilinin sözlərinə görə, Avropa Azərbaycan qazından faydalanmaq istəyirsə, Azərbaycanı Rusiyanın təzyiqi qarşısında tək qoymamalıdır: "ABŞ və Avropa "Bakı-Tbilisi-Ceyhan" Strateji Neft Kəməri də daxili olmaqla, Türkiyə üzərindən qərbə yönəldilmiş bütün kəmərlərin etibarlı müdafiə sisteminin qurulmasında fikirdə, sözdə və işdə real nəticəsi görünən fəaliyyətə keçməlidir".