Çörəyin qiymətinin qaldırılmasında manipulyasiya halları çoxalır - EKSPERT
Vahid Məhərrəmov: “İşbazlar isə ölkədə nəzarət sisteminin zəif olmasından sui-istifadə edərək fəndlər işlədir və daha çox gəlir əldə edirlər”
8 Aprel 2014 12:52 İqtisadiyyatSovet vaxtından qalmış və bu günədək Azərbaycanda buğda unundan hazırlanan "zavod çörəyi-"nə tətbiq olunan standarta (QOST 27842-88) uyğun olaraq ticarət obyektlərində təklif olunan çörəklərin çəkisi 0.5-1.1 kq, nəmliyi: əla növ 43%, birinci növ 44%, ikinci növ 45% olmalıdır" - "Olaylar"-ın məlumatına görə ölkədə çörəyin bahalaşması məsələsinə münasibət bildirən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov belə deyib. V.Məhərrəmovun sözlərinə görə, bu gün satış məntəqələrində həmin çörəklərin çəkisinin 0.35 kiloqramadək endirildiyini, nəmliyin isə normadan 10-15% çox olduğunu müşahidə edirik: "Belə olan halda istehlakçı aldanır, keyfiyyət göstəricisi, qidalılığı aşağı olan məhsul üçün daha çox maliyyə vəsaiti xərcləməli olur. İşbazlar isə ölkədə nəzarət sisteminin zəif olmasından sui-istifadə edərək fəndlər işlədir və daha çox gəlir əldə edirlər. Xüsusən dizel yanacağının, benzinin qiyməti qaldırıldıqdan sonra çörəyin çəkisinin azaldılması, nəmliyin artırılması ilə bağlı manipulyasiya halları geniş vüsət alıb". ("OLAYLAR" İA)