Avro-4 standartın tətbiqi ölkəyə nə verəcək? - AKTUAL
Vüqar Bayramov: “Bu ölkədə tıxac probleminin yumşalmasına gətirib çıxaracaq”
7 Aprel 2014 14:40 İqtisadiyyatAprelin 1-dən ölkədə Avro 4 standartlarına tətbiqinə start verilib. Bununla istehsal müddəti 2005-ci ilə qədər olan Avropada istehsal olunan avtomobillər bundan sonra ölkəyə gətirilə bilməyəcək. Asiya avtomobilləri üçün isə bu tarix daha yaxındır: ölkəmiz yalnız ili 2011-ci ildən bəri olan maşınları qarşılayacaq. Hökumət bu addımla ətraf mühitə buraxılan zəhərli qazların qarşısını almağa və tıxacların aradan qaldırılmasına nail olmağa çalışır. Amma bununla bu məqsədə nail olmaq mümkün olacaqmı? Problem ondadır ki, hal-hazırda ölkəmizin avtomobil parkında olan maşınların əksəriyyəti köhnə avtomobillərdir. Deməli, həmin avtomobillərin də tədricən istifadəsinin məhdudlaşdırılmasına ehtiyac var. İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, ölkədə Avro-4 standartların tətbiqi ilə bütövlükdə tıxacların aradan qaldırılmasına nail olunmasa da onun təsiri müəyyən dərəcədə hiss ediləcək. Nəzərə almaq lazımdır ki, Avro-4 standartı ölkəyə avtomobillərin gətirilməsinə məhdudiyyətlər qoyur. Təbii, bu məhdudiyyətlər Azərbaycana idxal edilən avtomobillərin sayının azalmasına gətirib çıxaracaq. Qeyd edək ki, 2013-cü ildə Azərbaycana 103 min avtomobil idxal edilib ki, onlardan 94 mini minik avtomobilidir. Yeni standartın tətbiqi ilə isə ölkədə minik avtomobillərin sayı 2014-cü ildə 80 minə qədər azalacaq. Yeni standartın tətbiqi ilə ölkəyə gətirilən avtomobillərin baha olması təbii ki, qısa zaman müddətində onların satılmasını təmin etməyəcək. Bu isə ölkədaxili avtomobil parkının nisbətən kiçilməsi və tıxacların müəyyən qədər aradan qalxmasına təsir göstərəcək. Bu baxımdan Avro-4 standartın tətbiqi birbaşa tıxacların aradan qaldırılmasına təsir etməsə belə, dolayısı ilə tıxac probleminin müəyyən qədər yumşalması üçün şərait yaradacaq. Ekspertin sözlərinə görə, Avro-4 əsasən ekoloji standart olaraq tətbiq edilir. Bu standartın tətbiqi daha çox Azərbaycanın Avropaya inteqrasiyası və ölkəmizin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində öz standartlarının Avropa standartlarına uyğunlaşdırılması prosesi çərçivəsində həyata keçirilir. Avro-4 standartı hələ ki, istehsala deyil, idxala tətbiq olunur. Yəni yerli benzinin istehsalına hələlik Avro-4 standartı tətbiq edilmədiyindən hazırda istehsal olunan benzin Avro-2 standartına uyğundur. Yerli benzin istehsalına Avro-3 standartın bu ilin sonunda, Avro-4-ün isə 2015-ci ildə tətbiq ediləcəyi gözlənir: "Buna baxmayaraq Avro-4 standartların tətbiqinin tıxaclar və ekoloji baxımdan üstünlüyü ondan ibarətdir ki, bunun tətbiqi qəzaların və ölüm hallarının sayının azalmasına gətirib çıxaracaq. Nəzərə almaq lazımdır ki, ölkədə qəzalar zamanı ölüm hallarının çox olması istifadə edilən avtomibillərin böyük bir qisminin hətta Avro-1 standartlarına uyğun gəlməməsidir. Bu gün Azərbaycanda istifadə edilən avtomobillərin təxminən 40 faizinin heç bir Avro standartı yoxdur. Ölkədə yol qəzalarının 70-75 faizi məhz ili köhnə avtomobillərin payına düşür. Əsas problem ondadır ki, ölkəyə gətirilən avtomobillərin yarıdan çoxu paytaxtda istismar olunur. Bu da öz növbəsində tıxacların yaranmasına və ekoloji cəhətdən problemlərin yaranmasına gətirib çıxarır. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, hazırda ölkədəki avtomobillərin 20 faizi heç bir standarta cavab vermir. Yerdə qalan 40 faizi avro-1 standartına, 30 faizi isə avro-2 və avro-3 standartlarının payına uyğundur. Avro-4 və 5 standartına uyğun avtomobillər isə ümumi bazarın 10 faizini təşkil edir. Məlumat üçün qeyd edək ki, ili köhnə olan avtomobillərin dövlət tərəfindən alınması təcrübəsi Rusiyada tətbiq olunub. Rusiyada 2005-ci ildə avro standartları tətbiq olunan zaman hökumət bu standarta cavab verməyən avtomobillərin əvəzində aşağı faiz kreditlə müasir avtomobillər təklif edilir. Eyni təcrübədən qonşu Türkiyədə də istifadə edilib. Təbii ki, onlar təhlükəsizlik baxımından kifayət qədər riskli qrupa daxil edilir. Məsələn, Rumıniyada Avro-4 standartlarına keçid qəzalar zamanı ölüm hallarının təxminən 20 faiz azalmasına səbəb olub. Ümumilikdə gələcəkdə avtomobil parkının yeniləşməsi, köhnə maşınlıarın bu və ya digər formada sıradan çıxması tıxac, qəzalar, qəzalarda ölüm hallarının azalmasına gətirib çıxaracaq, Eyni zamanda, ətraf mühitin qorunması baxımından, atmosferə buraxılan zəhərli qazların həcminin azalması baxımından əhəmiyyətlidir". Onun sözlərinə görə, yerli istehsal benzinin Avro-4 standartlarına uyğunlaşdırılmasının tezləşdirilməsinə ehtiyac var. Çünki, avtomobil Avro-4 standartına uyğun istehsal edilmişdirsə belə, o, Avro-2 standartına uyğun benzindən istifadə etsə, o zaman həmin avtomobil tez bir zaman müddətində sıradan çıxacaq. Ekoloji baxımdan da yerli istehsal benzinin Avro-4 standartlarına uyğunlaşdırılmasına ehtiyac duyulur. Ona görə, Avro-4 standartların tətbiqinə qısa müddətli dövr üçün deyil, daha çox strateji dəyişiklik kimi yanaşılmalıdır.
Deputat Elmira Axundova qeyd edib ki, beynəlxalq təşkilatların hesabatına görə, dünyanın ən çirkli şəhərləri siyahısında Bakı birinci yerdə durur: "Belə siyahının tam dəqiqliyinə inanmasam da, paytaxtın hər bir sakini təsdiqləyə bilər ki, Bakı ekoloji cəhətdən yaşanmalı, çox da kamfortlu məkan deyil. Yeni doğulan uşaqların demək olar ki, hamısının allergik xəstəliklərə düçar olması buna əyani sübutdur. İki il bundan əvvəl atmosferə buraxılan tullantıların həcmi 957 min ton təşkil edirdi. Bunların da 742 milyon tonu nəqliyyat vasitələrinin payına düşür. Yəqin ki, indi bu rəqəm daha da artıb". Deputat bildirib ki, köhnə avtomobillər ekologiyaya böyük ziyan vurur. "Fikir verin, keçən il ölkəyə idxal olunmuş avtomobillərin 50 mini işlənmiş maşınlardır. Mənəvi cəhətdən köhnəlmiş nəqliyyat vasitələrinin istismarını qəti şəkildə qadağan etmək mümkün deyil. Çünki bununla bağlı hüquqi baza yoxdur. Bununla belə, problemin həlli yolunu tapmaq mümkündür. Bunun üçün avtomobilləri müsadirə etmək və Avro-4 standartlarına uyğun avtomobillər alınması üçün vətəndaşlara güzəştli kreditlər vermək lazımdır. Bilirəm ki, bu maliyyə tələb edən problemdir. Amma bunu icra etməsək, Avro-4-ə keçidi uğurla həyata keçirmək mümkün olmayacaq. Müsadirə olunan avtomobilə görə, kompensasiya ödənilməsi təcrübəsi artıq Rusiya da mövcuddur".
Alim