“Banklar kəndlinin pay torpağını girov kimi qəbul etmir” - AÇIQLAMA

Vahid Məhərrəmov: “Ümumi kredit portfelində aqrar sahənin payı 0.7%, ölkə üzrə kənd təsərrüfatının sığortalanması isə 0.6% təşkil edir”

"Aqrar sahədə investisiya və sığorta ilə bağlı xeyli problemlər var. Ümumi kredit portfelində aqrar sahənin payı 0.7%, ölkə üzrə kənd təsərrüfatının sığortalanması isə 0.6% təşkil edir" - "Olaylar"-ın məlumatına görə, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov belə deyib. V.Məhərrəmov qeyd edib ki, kənd yerlərində evlərin əksəriyyətinin sənədi yoxdur, sənədi olan evlər də likvid hesab olunmadığı üçün banklar tərəfindən girov kimi qəbul edilmir. Ekspertin sözlərinə görə, heyvanların identifikasiyası həyata keçirilməyib, ona görə də girov qoyula bilməz: "Banklar, kredit təşkilatları kəndlinin pay torpağını da girov kimi qəbul etmir, onlar üçün əsas girov böyük şəhərlərdə yerləşən daşınmaz əmlak hesab olunur. Fermerlərin, kəndlilərin isə belə imkanı yoxdur. Rayonlarda kəndlinin mülkiyyəti ilə yanaşı torpağı, təsərrüfatı girov kimi banklar və bank olmayan kredit təşkilatları tərəfindən qəbul edilərsə fermerlər kredit əldə etmək imkanı qazanar. Həmçinin fermerlərin, kəndlilərin təsərrüfatları sığortalanmalıdır. Təbii fəlakət və əlverişsiz havanın təsiri nəticəsində təsərrüfatlara dəyən ziyanın müəyyən hissəsi sığorta şirkətləri tərəfindən ödənilərsə fermerlər, kəndlilər ciddi zərərə məruz qalmaz". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31